Siyasət

DQMŞ növbədənkənar prezident seçkilərini boykot edir

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini boykota dair qərar qəbul edib.

DQMŞ bu seçki kampaniyasına etiraz olaraq aksiyalara başlamaq niyyətindədir.

Fevralın 5-də DQMŞ Koordinasiya Şurası növbədənkənar prezident seçkiləri ilə bağlı vəziyyəti müzakirə edib. Bu barədə DQMŞ sədri Cəmil Həsənli Facebook səhifəsində yazıb.

“Növbəti prezident seçkiləri 2018-ci il oktyabrın 17-nə təyin edilmişdi və həmin günü hökumət qeyri-iş günü elan etmişdi. Lakin bu müddətdə ciddi bir dəyişiklik baş verməyib, seçkilərin vaxtını dəyişməyə hər hansı zərurət yaranmayıb. Milli Şuranın Koordinasiya Mərkəzi bu ğun növbədənkənar toplantı keçirib və bu sərəncamın doğurduğu siyasi, hüquqi, sosial, milli və mənəvi nəticələri geniş müzakirə edib. 5 fevral sərəncamı seçki institutunun ələ salınması, onun qalıqlarının məhvi kimi qiymətləndirilib”, – C.Həsənli yazıb.

O xatırladıb ki, müzakirələrin gedişində 2013-cü ilin prezident seçkilərinə toxunulub və seçkinin nəticələrinin bir gün əvvəl elan olunması, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 58 faiz saxtakarlıq törədilməsi barədə rəyi xatırladılıb, Azərbaycan hakimiyyətinin iki ay sonra – aprel ayının 11-də növbədənkənar seçki keçirmək qərarı növbədənkənar məzhəkə kimi qiymətləndirilib.

Milli Şura belə hesab edir ki, bu sərəncam beynəlxalq rəylərdə və hesabatlarda öz əksini tapmış – Azərbaycan xalqının seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq imkanından məhrum edilməsi istiqamətində sonuncu addımlardan biridir və 5 fevral sərəncamı 11 aprel seçki oyunbazlığının qeyri-legitimlik sənədidir. Bütün bunları nəzərə alaraq bu gün keçirilən toplantıda Milli Şura 11 apreldə prezident seçkiləri adı ilə planlaşdırılan hoqqabazlığın boykot edilməsinə qərar verib. Hakimiyyətin bu seçki oyununa müqavimət göstərməsi üçün xalqa və demokratik qüvvələrə çağırış edilməsi, bu istiqamətdə bütün mümkün hüquqi və siyasi vasitələrdən istifadə edilməsi nəzərdə tutulub”, – DQMŞ sədri bildirib.

Daha çox göstər
Back to top button