Siyasət

REAL növbədənkənar prezident seçkilərinin nəticələrini tanımır

REAL Hərəkatı aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin nəticələrinin tanınmayacağını bəyan edərək bunu “tələsik və heç bir əsası olmayan addım” adlandırıb.

“Hazırda növbədənkənar prezident seçkilərinin keçirilməsinə heç bir əsas yoxdur. Bu, vaxtından əvvəl prezident postuna sahib olmaq üçün İlham Əliyevin atdığı legitimlik baxımından şübhəli bir addımdır”, – Hərəkatın fevralın 5-də yaydığı bəyanatda deyilir.

Bu 2016-cı ildə Konstitusiyaya edilən qanunazidd dəyişikliklərin davamıdır, REAL hesab edir.

“Növbədənkənar seçkilərin elan edilməsi Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün onsuz da məhdud olan imkanları daha da azaldır”, – bəyanatda vurğulanır.

Sənəd müəllifləri məhdudlaşdırıcı məqam kimi prezident postuna əsas alternativ namizədlərdən biri, REAL Hərəkatının lideri İlqar Məmmədovun hələ də həbsdə saxlanmasını göstərir.

“Bundan əlavə, çoxsaylı jurnalistlər, bloger və fəallar siyasi motivlərlə həbs edilib. Hakimiyyətə alternativ informasiya mənbəyi demək olar ki, aradan qaldırılıb, olanlar da total hücumlara məruz qalır, toplaşma və birləşmə azadlığı məhdudlaşdırılıb. Belə təzyiqlərin nəticəsində REAL-ın qurultayının keçirilməsi və onun siyasi partiyaya çevrilməsi üçün ciddi maneələr yaranıb.

REAL bəyan edir ki, növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı ağlabatan açıqlama verilməyənə, seçki kampaniyasının demokratikliyini təmin etmək üçün sözügedən məhdudiyyətlər aradan qaldırılmayana qədər, seçkilər legitim sayıla bilməz və bu proses “pis hazırlanmış tamaşa”dan başqa bir şey olmayacaq.

“REAL seçkilərin keçirilməsi üçün demokratik şərait yaradılmasa və İlqar Məmmədovun iştirakı təmin edilməsə seçkilərin nəticələrini tanımayacaq və vətəndaşları bu “məzhəkə”də iştirak etməməyə çağırmaq hüququndan istifadə edəcək”, bəyanatda deyilir.

Daha çox göstər
Back to top button