İctimaiyyət

”Sosial şəbəkə iştirakçılarının fikir bildirməsinə qadağa qoyula bilməz”

Hüquqşünas: “Burada seçki qanunvericiliyi ilə bağlı hər hansı ziddiyyət yoxdur”

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun fevralın 8-də sosial şəbəkələr barədə səsləndirdiyi açıqlama birmənalı qarşılanmayıb. MSK sədri deyib ki, sosial şəbəkələr geniş auditoriyaya malikdir və seçki prosesləri zamanı sosial şəbəkələrdəki proseslərin izlənməsi mühüm məsələdir. Seçki təşviqatınadək sosial şəbəkələrlə bağlı təkliflərin hazırlanması zəruridir. Bu, daha tez hazırlanmalıdır. Bunun əsasında sosial şəbəkələrin monitorinqi təşkil edilməli, təşviqatı pozanlar haqda müvafiq tədbirlər görülməlidir.

Hüquqşünas Ələsgər Məmmədli isə MSK sədrinin açıqlamasını qəbuledilməz sayıb. Hüquqşünas “Turan” İA-da deyib ki, hökumət ənənəvi medianı bütövlükdə nəzarət altına alıb:

“Sosial media bu nəzarətdən bir qədər kənardadır. Sosial media hazırda cəmiyyətin obyektiv məlumat aldığı və azad diskussiya quracağı məkandır. MSK-nın narahatçılığı bundandır. Yəni sosial şəbəkələrdə alternativ fikirlər yer alır və heç də tam nəzarətə götürmək mümkün deyil”.

Ələsgər Məmmədli Seçki Məcəlləsinə istinad edərək deyib ki, qanunvericilikdə sosial şəbəkələrdə diskussiyaları, çoxfikirliyliyi qadağan edən müddəa yoxdur:

“Sosial şəbəkə virtual mühitdir və burada ifadə azadlığı çərçivəsində istənilən şəkildə diskussiya qurmaq, fikirləri yaymaq imkanı olmalıdır. Burada seçki qanunvericiliyi ilə bağlı hər hansı ziddiyyət yoxdur”.

Seçki təbliğatına gəlincə, o, bununla bağlı Seçki Məcəlləsində konkret normaların olduğunu təsdiqləyib:

“Qanun normalarına görə, hansı mediada, hansı vaxtda, hansı ölçüdə təbliğat materialı verməklə bağlı öhdəliklər var. Tərəflərə bərabər imkanlar yaradılmalıdır. Qanunvericiliklə tərəflər öhdəlik götürür ki, fikir azadlığı çərçivəsində fikirlərini bildirməlidirlər. Bu, tənqid də, tərif də ola bilər. Amma sosial şəbəkə iştirakçılarının fikir bildirməsinə hər hansı qadağa qoyula bilməz və ya sosial şəbəkənin qapanmasına yol vermək olmaz”.

Daha çox göstər
Back to top button