İctimaiyyət

İbrahimovların vəsatəti təmin olunmadı

Fevralın 14-də Bakı Apelyasiya Məhkəməsində gənc fəal Qiyas İbrahimov və atası Həsən İbrahimovun şikayətinə baxılıb.

Hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin vəkili Zibeydə Sadıqovanın ötən proses zamanı verdiyi vəsatətə münasibət bildirilib. Z. Sadıqova həmin şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılmasına etiraz etmişdi. O, vəsatətində bildirib ki, müdafiə etdiyi şəxslər həmin məhkəmənin hakimlərinin şikayəti əsasında cəzalandırılıblar və buna görə həmin məhkəmənin hakimləri işə ədalətli baxmayacaqlar.

Fevralın 14-də keçirilən iclasda hakimlər vəsatətin təmin edilmədiyini deyiblər.

Qiyas İbrahimov və atası Həsən İbrahimov Bakı Apelyasiya Məhkəməsinin hakimləri- Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramova hörmətsizlikdə ittiham olunurlar. Onlar CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə məsuliyyətə cəlb olunub. Yasamal Rayon Məhkəməsinin hökmü ilə Qiyasın cəzası daha üç ay artırılıb, atası isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib. Həmin hökmdən apelyasiya şikayəti verilib.

İclasda vəkil Elçin Sadıqov prosesin qismən istintaqla aparılması barədə vəsatət qaldırıb: “Bu işə birinci instansiya məhkəməsində baxılanda həmin hakimlər gəlmədilər və heç bir üzrlü səbəb də göstərmədilər. Halbuki, onlar istintaqa ifadələrində şahid qismində dindirilsələr də, hüquqlarını müdafiə etdiyim şəxslərin cinayət törətdiyini iddia ediblər. Bununla da Qiyas və Həsən İbrahimovların təqsirsizlik prezumpsiyası hüququnu pozublar. Xahiş edirik, məhkəmədə dindirilsinlər və hansı əsasla o ifadələri işlətdiklərini izah eləsinlər”.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Daha çox göstər
Back to top button