İctimaiyyət

İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı

İş adamı, prezident İlham Əliyevin qohumu İlqar Əliyevin oğlu Riyad Əliyev saxlanılıb və 30 sutka inzibati həbs cəzasına məhkum edilib. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mötəbər qaynaqlardan məlum olub. Riyad Əliyevin DYP əməkdaşları ilə mübahisə etdiyi və onların qanuni tələblərinə məhəl qoymadığı üçün saxlanıldığı bildirilir.

Məlumata görə bir neçə gün əvvəl Bakı şəhəri Dövlət Yol polisi İdarəsinin iki əməkdaşı – polis serjantları Samir Şirinov və Sənan Həsənəliyev günorta saat 15 radələrində Bakıxanov qəsəbəsinin ərazisində xidmətdə olarkən görünüşü məhdudlaşdıran və istifadəsi qanunla qadağan olunmuş tünd rəngli şüşələrlə idarə edilən “Mersedes S65 AMGL” markalı avtomobili saxlayıblar.

YPX əməkdaşları sürücüdən sənədləri təqdim etməyi tələb ediblər. Lakin bu vaxt avtomobilin sərnişini düşərək DYP əməkdaşları ilə onları saxladıqları üçün mübahisə etməyə başlayıb.

Məlumata görə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərən, onlara tabe olmayan R.Əliyevin barəsində toplanmış materiallar Yasamal rayon məhkəməsinə göndərilib. Bu gün fevralın 21-də məhkəmənin qərarı ilə R.Əliyev barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

Riyad Əliyev mərhum Aqil Əliyevin (prezident İlham Əliyevin əmisi) nəvəsidir və onun adına “Riyad” mühafizə şirkətinin olduğu məlumdur.

Daha çox göstər
Back to top button