Ekonomika

Banklar Azərbaycan regionlarında filiallarını bağlayırlar

«Exo» qəzetində «Banklar Azərbaycan regionlarında filiallarını bağlayırlar» sərlövhəli yazı oxumaq olar. Məlumatı Azadlıq Radiosu yayıb.

Yazıda bildirilir ki, Azərbaycan banklarının filiallarının sayı azalır. Müəllif mövzunu ekspertlərlə müzakirə edib:

«Bu meyl 2018-ci ildə də davam edəcək. Bəzi banklar əlavə xərclərdən yaxa qurtarmaq üçün filiallarını əhəmiyyətli dərəcədə azaldıblar. İndi bank sektorunda 30 iştirakçı var. Amma o qədər də uzaq olmayan vaxtlarda bu bankların sayı 45 idi. 2014-cü ildə bank filiallarının ümumi sayı 752 idisə, 2017-ci ilin sonunda 509 endi. Yəni, 4 il ərzində 243 bank filialı bağlandı».

Ekspertlər baş verənləri ölkənin bank strukturunun durumunun pisləşməsinin göstəricisi kimi dəyərləndiriblər.

Mütəxəssislər vurğulayıblar ki, filialların bağlanması həm də işçilərin ixtisarı anlamına gəlir:

«Əgər 2016-cı ildə bank sektorunda 16947 nəfər çalışırdısa, 2017-ci ilin sonuna onların sayı 16131 nəfər olub. Xərclərin optimallaşdırılması siyasəti həm də ixtisara düşməyən əməkdaşların əmək haqlarını azaldır və bu meyl 2015-ci ildən start götürüb».

Yazıda vurğulanır ki, ölkədə maliyyə «təlatümləri» başlanana qədər bank ofisləri durmadan artırdı. Ekspertlərə görə, xüsusilə regionlarda filiallar bağlanır. Onların fikrincə, buna səbəb paytaxtla müqayisədə regionlarda dövriyyənin əhəmiyyətli dərəcədə aşağı olmasıdır:

«Bankların gəlirləri aşağıdır, ona görə də izafi xərcləri optimallaşdırmaq siyasəti ya ixtisar etmək, ya filialları birləşdirməyə vadar edəcək. Üstəlik, indiki informasiya texnologiyaları filiallara tələbatı azaldır».

Daha çox göstər
Back to top button