Siyasət

DQMŞ Müsavat Partiyasını və REAL Hərəkatını ümumxalq aksiyalarına çağırıb

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərinə etiraz olaraq ümummilli mitinq keçirmək təşəbbüsü ilə Müsavat Partiyasına və REAL Hərəkatına müraciət edib. Bu barədə DQMŞ-nin sədri Cəmil Həsənli bildirib. Məlumatı Turan agentliyi yayıb.

O xatırladıb ki, DQMŞ ölkədə seçki kampaniyasının keçirilməsi üçün demokratik atmosferin olmaması, azad mətbuatın sıxışdırılması, 160 siyasi məhbusun olması səbəbindən seçkiləri boykot qərarı verib.

Bundan əlavə, hakimiyyət seçkilərin 6 ay öncədən keçirilməsinin səbəbləri ilə bağlı ağlabatan açıqlama verməyib.

DQMŞ “növbədənkənar seçkilər” adlı məzhəkədə iştirak etmək niyyətində olmadığını bəyan edir, saxtalaşdırılmlş və qeyri-legitim seçkilərin nəticələrini tanımır.

C.Həsənli Müsavat Partiyası, REAL Hərəkatı və digər ictimai-siyasi təşkilatların seçkilərdə iştirak etməmək və onların nəticələrini tanımamaq barədə qərarlarını alqışlayıb.

DQMŞ müxalifət düşərgəsində bu siyasi məsələ ilə bağlı mövqelərin yaxınlaşmasını yüksək dəyərləndirib.

DQMŞ mart ayından “saxta seçkilər”ə qarşı kütləvi etiraz aksiyalarına başlamağı vacib hesab edir və onları dəstəkləmək üçün Müsavat Partiyası, REAL Hərəkatına müraciət edir. Çünki siyasi qüvvələrin və ictimai hərəkatların birgə ümumxalq aksiyaları seçkilərin hakimiyyət tərəfindən saxtalaşdırılmasına qarşı mühüm addım olacaq.

Daha çox göstər
Back to top button