İctimaiyyət

Abbas Hüseynov: Həbsimiz İlham Əliyevin sifarişi ilə olub

Ali Məhkəmədə “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və onlarla birlikdə mühakimə olunan digərlərinin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Şahin Yusifovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən Abbas Hüseynov və Abbas Quliyev iştirak edib. Hər iki şəxs və təqsirləndirilən Şamil Abduləliyev ötən iclasda məhkəməyə ərizə yazaraq iclasda iştirak etmək istədiklərini bildirmişdilər. Onlardan Şamil Abduləliyev səhhətində yaranan problemə görə iclasda iştirak edə bilməyib.

Ş.Abduləliyev 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı güllələnib və həmin güllələr onun bədənində indiyə kimi qalır. Vəkillər bu gün iclasda bildiriblər ki, Ş.Abduləliyev hərəkət qabiliyyətini itirə bilər.

İclasda Abbas Hüseynov vəkillərinin yanında əyləşməsi, digər təqsirləndirilən şəxslərin də məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatətlər verib. Lakin vəsatətlər təmin edilməyib. A.Hüseynov çıxışında günahsız olduqlarını, sifarişlə həbs edildiklərini deyib:

“Həbsimiz İlham Əliyevin sifarişi ilə olub. Siyasi məsələ olduğuna görə, məhkəmədən nəsə gözləmirəm. Bu işdə ədalətli qərar vermək üçün insan vicdanlı olmalıdır”.

Daha çox göstər
Back to top button