Təhlil

AŞPA nümayəndə heyətinin keçmiş üzvü: “Azərbaycanda insan hüquqlarına aməl olunmur”

Azərbaycanda insan hüquqlarının vəziyyəti acınacaqlıdır. Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyətinin keçmiş üzvü, Milli Şuranın fəalı Gültəkin Hacıbəyli xarici işlər naziri Elmar Məmmədyarovun çıxışına münasibət bildirərkən deyib. Bu barədə “turan.az” saytı məlumat yayıb.

O deyib ki, Azərbaycan Respublikasının Konstitutsiyasının 12-ci maddəsində həqiqətən göstərilib ki, Azərbaycan dövlətinin ali məqsədi insan hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Amma təəssüflər olsun ki, bu gün gerçəklik tamamilə fərqlidir. Konstitutsiyanın bu norması fiksiyadan başqa bir şey deyil.

Keçmiş deputat hesab edir ki, E. Məmmədyarovun BMT-nin yüksək kürsüsündən hansı fikirləri səsləndirməsindən asılı olmayaraq obyektiv qiymətləndirmələr var.

“Dünyada insan hüquqları və azadlıqlarının vəziyyətini qiymətləndirən beynəlxalq təşkilatlar var. Bu qurumların hesabatlarına əsaslanaraq demək olar ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti nəinki qənaətbəxş deyil, acınacaqlıdır və dözülməz səviyyədədir”, – o qeyd edib. Onun fikrincə, bu gün Azərbaycan özünün insan hüquqları sahəsində heç vaxt yaşamadığı ən ağır durumu yaşayır: “Bu gün Azərbaycanda siyasi məhbusların sayı toplam Avropa ölkələrindəki siyasi məhbusların sayından çoxdur. Mən buraya Rusiya və Belarusu da əlavə edirəm. Bax, bu, Azərbaycanda insan azadlığına, insan hüquqlarına verilən dəyərin ən bariz göstəricisidir. Azərbaycanda insanın ən önəmli hüququ söz azadlığı, fikir azadlığı qorunmur. Fərqli fikirliyə görə insanlar təqib olunur. Azərbaycanda medianın vəziyyəti bərbaddır”.

G.Hacıbəyli hesab edir ki, Azərbaycanda insan hüquqlarından danışarkən insanın yaşamaq haqqı bu hüquqların ən vaciblərindəndir.

G. Hacıbəyli E. Məmmədyarovun Azərbaycan əhalisinin 80 faizinin İnternetdən sərbəst istifadə edə bilməsi fikri ilə qismən razıdır.

“Bu gün İnternet digər informasiya vasitələri ilə müqayisədə əhalinin əlində olan son imkandır. Bu imkan tam qapadılmayıb. Amma bu imkanın başqa problemlərlə qarşısı alınır. Birincisi, Azərbaycanda İnternetin sürəti çox aşağıdır. Azərbaycanda yüzlərlə Facebook məhbusu var. Bu baxımından Azərbaycanda İnternet azadlığından danışmaq da mümkün deyil”, – o bildirib.

Keçmiş deputat Facebook statusuna görə həbsdə olanlardan danışarkən deyib:

“Azərbaycanda sosial şəbəkədə status yazdığına görə 10 il müddətinə həbs edilmiş siyasi fəal Fuad Qəhrəmanlı nümunəsi var”.

O, qadın hüquqları və tolerantlıq barədə nazirin fikirlərinə münasibət bidlrirərkən deyib ki, Azərbaycanda qadınların ali təhsil alması, dini tolerantlıq bir ənənədir. Eyni zamanda Azərbaycanda bir nəfər də olsun nazir qadın yoxdur.

 

Daha çox göstər
Back to top button