Siyasət

Milli Şura və Müsavat birgə mitinq qərarı verib

Müsavat Partiyası və Demokratik Qüvvələrin Milli Şurası prezident seçkiləri öncəsində birgə mitinq keçirməklə bağlı qərar veriblər.

“Azadliq.org” saytına əsasən, bu haqda Müsavat Partiyasından bildiriblər.

Partiyanın məlumatında qeyd edilir ki, mitinqin martın 10-da keçirilməsi nəzərdə tutulur.

Açıqlamaya görə, artıq mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təqdim ediləcək müraciət də imzalanıb. Müraciətdə etiraz aksiyasının “Monarxiyaya son”, “Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya son”, “Bahalaşmaya etiraz edirik” və başqa şüarlar altında keçirilməsi nəzərdə tutulur.

BŞİH-ə müraciəti Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədlinin, Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri İbrahim İbrahimli və Eldəniz Quliyevin imzaladığı bildirilir.

İki gün əvvəl, fevralın 27-də Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) prezident seçkisinin önə çəkilməsinə etiraz olaraq ümummilli mitinq keçirmək təşəbbüsü ilə çıxış etmişdi. Şura Müsavat Partiyasına və REAL Hərəkatına müraciət etmişdi.

Müsavat Partiyası dərhal Milli Şuranın birgə mitinq keçirmək təklifini müsbət qarşılayıb.

REAL Hərəkatı isə Milli Şuranın müraciətinin qurumda müzakirə ediləcəyini bildirmişdi.

Daha çox göstər
Back to top button