İctimaiyyət

Azərbaycan hökuməti gəncləri ələ keçirmək üçün sosial medianı ələ aldı

Ötən ilin avqust ayında “Facebook”-da Azərbaycan dilində yeni media brendi yaradıldı və dərhal azərbaycanlı gənclərin sevimlisinə çevrildi. “Belə Belə İşlər” tarix və mədəniyyət haqqında maarifləndirici xarakter daşıyan sosial media videoları təqdim edir.

“Meydan.tv” saytına əsasən, sadəcə altı ay ərzində “Belə Belə İşlər” 190,000 “Facebook” izləyicisi qazanıb və bu, Azərbaycan standartlarına görə yetərincə uğurlu nəticədir.

Lakin “Belə Belə İşlər” 24 dekabrda 56 yaşını qeyd edən Prezident İlham Əliyevin şərəfinə yayımladığı videodan sonra oxucularının bir qisminin gözündən düşdü. Bir çox sosial media istifadəçisi Əliyevi təbrik etdi, digərləri isə təəssüfünü bildirdi. “Belə belə işlərin belə belə işləri də var imiş”, – deyə bir istifadəçi öz şərhində bildirərək, bu videonun dövlət təbliğatına bənzədiyini qeyd edib. “Aha, xoruzun quyruğu göründü. Gözləyirdim, görəsən, bu iqtidar layihəsi nə vaxt əsl təbliğatına başlayacaq”, – deyə digər istifadəçi bildirib.

“Facebook” səhifəsi kimi fəaliyyət göstərən “Belə Belə İşlər”-in kim tərəfindən idarə olunması ilə bağlı heç bir məlumat vermir. “Eurasianet” müsahibə almaq məqsədilə səhifəyə yazdığı mesaja belə bir cavab aldı:

“Bu barədə bir müddət sonra müraciət etmənizi xahiş edəcəyik. Çünki hazırda hər hansı şərh və açıqlama vermək üçün vaxtımız yoxdur”. Layihədə çalışan əməkdaşlarla əlaqə qurmaq cəhdləri də boşa çıxdı.

Bakıda digər yeni bir təşəbbüs sayılan “Cavan” layihəsi də öz dəstəkçilərini açıqlamaq barədə ehtiyatlı davranır, lakin fəaliyyətlərində hökumətlə yaxın əlaqədə olduqlarını gizlətmirlər. “Cavan” Gənclik Hərəkatı öz saytlarındakı “Bizim haqqımızda” bölməsində İlham Əliyevə, atası, keçmiş prezident Heydər Əliyevə və həyat yoldaşı, Birinci vitse-prezident Mehriban Əliyevaya istinad edir.

“Cavan Gənclər Hərəkatı İctimai Birliyi 2017-ci ildə yaradılıb və əsas məqsədi Azərbaycan gəncliyini narahat edən məsələlərlə yaxından maraqlanaraq onların həlli istiqamətində dövlətimizin gördüyü işlərə dəstək olmaqdır”, – deyə səhifədə bildirilir.

“Cavan”ın mətbuat katibi Teymur Əliyev “Eurasianet”-ə verdiyi müsahibəsində təşkilatın dövlət büdcəsindən maaliyələşdirildiyini və eyni zamanda “Belə Belə İşlər”in “Cavan”a məxsus layihə olduğunu da açıqladı.

“Layihələrimizi tək işləmirik, çalışırıq başqa təşkilatlarla birlikdə həyata keçirək. Bütün qeyri-hökumət təşkilatları kimi, bizim də büdcəmiz fondlar tərəfindən formalaşır. İlk növbədə isə Prezident yanındakı Gənclər Fondu var,” – mətbuat katibi bildirdi.

Bəs “Belə Belə İşlər” ətrafında hörülmüş by məxfilik nə üçündür?

“Bu, başadüşüləndir. Bu layihələrin neytral bir layihə kimi təqdim olunması anlaşılandır. Çünki hakimiyyət obyektiv olaraq bilir ki, onun tərəfdarı olan təşkilatlara qurumlara, simpatiya ola bilməz. Hökumətin ideologiyasını açıq şəkildə dəstəkləyən və təbliğ edən qruplar insanların rəğbətini qazanmayacaqlar”, – deyə siyasi şərhçi və Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərastun Oruclu bildirib:

“Baxmayaraq ki, ölkədə ənənəvi mətbuat hökumətin tam nəzarətindədir, hakimiyyətin siyasətinə uyğun olmayan saytlara qadağalar qoyulub, sosial media ilə bağlı hökumət hələ də zəifdir. Belə neytral layihələr vasitəsilə hakimiyyət çalışır ki, bu yolla özlərini təqdim etsinlər, cəmiyyətdə müəyyən nüfuz əldə etsinlər və lazım olan məqamda da onları siyasi məqsədlər üçün istifadə etsinlər”.

“Cavan”ın ilk ictimai layihəsi ötən ilin payızında Bakıda Prezidentin Gənclər Fondu ilə birgə təşkil etdiyi “Xəzərin Sahilində” Musiqi Festivalı oldu. Bundan başqa, “Cavan” paintball turnirləri təşkil edir və Avropada təhsil almaq üçün təqaüd proqramları haqqında məlumat verir.

Təşkilat prezidentin qızı Leyla Əliyeva ilə da əməkdaşlıq içərisindədir. Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyi ilə ekoloji layihə icra edir. “Bizim həyət” adlanan bu layihə ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası işlərini hədəf götürüb.

Gənclər Təşkilatları Milli Şurasının üzvü olaraq, bu yaxınlarda “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi aprel ayında keçiriləcək növbədənkənar prezident seçkisində hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləyən toplantıya da qatılmaqla, siyasətə də qatılmış oldu.

Hökumət “gənclərdən çəkinir, Çünki bütün dəyişikliklər prosesinin avanqardı gənclərdir. Dəyişikliklər, inqilablar gənclərin ruh yüksəkliyi, entuziazmı ilə baş verir. Hakimiyyət də öz uzunömürlülüyünü təmin etmək üçün onları maksimum nəzarətdə saxlayır”, – deyə siyasi fəal və “Nida Vətəndaş Hərəkatı”nın idarə heyəti üzvü Əbülfəz Qurbanlı bildirib.

Hökumətin gənclər siyasətində bir dəyişiklik baş verməkdədir. Siyasi iqtidarın gənclərə dair ən böyük layihəsi sayılan “İrəli” Hərəkatının fərqli formatlarla əvəzləndiyi görünməkdədir. “İrəli” 2005-ci ildə Rusiyadakı “Naşi” siyasi gənclər hərəkatının yaranmasından bir neçə ay sonra təsis edilmişdi. Rusiyalı bənzəri kimi “İrəli” müxalif gənc qrupların təsirini azaltmağı hədəfləyib və “İlhamla İrəli” şüarı altında kütləvi hökumət mitinqləri təşkil edib.

“İrəli” bəzi rəhbərlərinin Ankara və onun müttəfiqi Bakı tərəfindən qəbul edilməyən, Fəthullah Gülən şəbəkəsi ilə əlaqəsi olması ilə bağlı gəzən şayiələrdən sonra tənəzzülə uğramağa başladı.

Və bu arada, sosial media güc qazanarkən bir boşluq da yarandı.

“Sosial mediada fəaliyyət göstərən bir çox səhifə, hökumətin inkişaf nağıllarından fərqli olaraq, Azərbaycanın əsl üzünü göstərir”, -deyə siyasi təzyiqlərə məruz qalan Meydan TV-nin əməkdaşı, sosial media fəalı Həbib Müntəzir bildirir. “Hakimiyyət Azərbaycanı maraqlı tarixi şəxsiyyətləri olan bir ölkə kimi göstərən sosial videolar ilə auditoriya qazanmaq istəyir. Müsbət imic yaratmaq üçün uğur hekayələri paylaşırlar. Çünki görürlər ki, yaltaqlıq artıq işləmir, buna görə də insanları öz ətraflarına toplamaq üçün yaradıcı bir şeyə ehtiyac duyurlar”.

Daha çox göstər
Back to top button