İctimaiyyət

Fikrət Hüseynlinin Kiyevdə yaşadığı evə basqın olub

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib. Qaçan zaman müəyyən bədən xəsarətləri alıb. Bu barədə Fikrət Hüseynlıiyə yaxın mənbə Amerikanın Səsinə bildirib.

Mənbənin sözlərinə görə, basqınçılar mülki geyimdə olub, özlərini polis kimi təqdim ediblər. Onların arasında Azərbaycan dilində danışanlar da olub.

“Hazırda Fikrət Hüseynli nisbətən təhlükəsiz yerdə gizlənir. Onu hər yerdə axtarırlar”, mənbə bildirib.

Mənbənin dediyinə görə, Fikrət Hüseynlinin yaşadığı evə basqınla bağlı artıq vətəndaşı olduğu Niderland Xarici İşlər Nazirliyinə məlumat verilib.

“Hazırda Niderland Xarici İşlər Nszirliyi Ukrayna Xarici İşlər Nazirliyi ilə danışıqlar aparır. Niderlandın Ukraynadakı səfirliyi Hüseynlinin Ukraynadan təhlükəsiz çıxarılması işləri ilə məşğuldur”, mənbə qeyd edib.

Fikrət Hüseynli Azərbaycan iqtidarını kəskin tənqidləri ilə tanınır.

O Azərbaycanda nəşr olunmuş “Azadlıq” qəzetinin əməkdaşı olub. Jurnalist təqiblərlə üzləşdikdən sonra Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb.

Hüseynli 2017-ci il oktyabrın 14-də Azərbaycanın sorğusu əsasında İnterpol xətti ilə Kiyevdən Düsseldorfa uçarkən saxlanılıb.

Oktyabrın 18-də Ukraynanın Borispol şəhər Məhkəməsi onu Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.

 

Daha çox göstər
Back to top button