Təhlil

Korrupsiyaya uğramış Azərbaycanla tərəfdaşlıq ABŞ-ın milli maraqlarına uyğun deyil

Azərbaycan əsasən dünyəvi, əhalisi müsəlman olan, neft- qaz ehtiyatlarına və qalmaqallı korrupsiyaya uğramış hökumətə malik keçmiş sovet respublikasıdır. Rusiya, Türkiyə və İranla sərhəddə yerləşən ölkə Yaxın Şərqin astanasındadır və Birləşmiş Ştatlar üçün strateji maraq doğurur.

ABŞ-ın strateji maraqlarını insan hüquqları və demokratiya sahəsində durumu davamlı şəkildə pisləşən Azərbaycanın maraqları ilə balanslaşdıracaq siyasətin hazırlanması və həyata keçirilməsi Azərbaycanın postsovet müstəqilliyinin iyirmi beş ili ərzində siyasətçilər və diplomatlar üçün daimi çağırışdır.

Əks istiqamətdə qlobal tendensiyalara baxmayaraq, ABŞ-ın Azərbaycanla bağlı siyasətində insan hüquqlarına və demokratikləşməyə daha çox önəm verməsinin vaxtı çatıb.

ABŞ-da Azərbaycanla bağlı siyasi debatlar Amerika xarici siyasətinin mübarizə və kompromislərinin kiçik bir hissəsidir. Birləşmiş Ştatlar əslində repressiv rejimləri dəstəkləyir, bəzən bu, daha yüksək strateji imperativlərin – enerji təhlükəsizliyi, müdafiə, hərbi üstünlüyün ortaya qoyulduğu vaxtda asanlıqla bəraət qazandırılan, ancaq asan olmayan bir seçimdir.

Eyni zamanda, ABŞ hökumətində və onun xaricindəki siyasi elita bərabərlik, demokratiya və qanunun aliliyinə dəstək verərək banilər tərəfindən əsası qoyulan dəyərləri bəyan edirlər. Amerikalı diplomatlar şəxsi söhbətlər zamanı deyirlər ki, diktatorlarla iş zamanı onlar “kulis arxasında da işləyə bilərlər” ki, hətta silah satışı ilə bağlı müqavilələr imzalanarkən belə video kameralar qarşısında insan hüquqlarını təbliğ edə bilsinlər.

Azərbaycana gəlincə, ABŞ siyasəti hər zaman “üçayaqlı ştativ” – təhlükəsizlik, energetika və demokratiya/insan hüquqlarına əsaslanaraq kompromisdən ibarət olub. Zamanla ABŞ administrasiyası və diplomatlar bu “üçayaqlı ştativ”in “çəki”sinə də düzəlişlər ediblər.

Zaman Amerika tərəfdaşlığının avtoritar rejimlərdən qorunması üçün yetişmiş kimi görünsə də, indiki administrasiyanın prioritetləri siyahısında insan haqları məsələsinin nəzərəçarpacaq şəkildə kiçilməsini nəzərə alsaq, bu yanaşma milli maraqlara ziddir.

Geosiyasi mülahizələr korrupsiyanın azaldılmasını və repressiyaya “bəraət don”u geyindirilməsini” yox, praqmatik əlaqələri dəstəkləyir.

Bu yaxınlarda Heritage Foundation-dan Lyuk Koffi Azərbaycanın ABŞ üçün “yaxşı tərəfdaş” olduğunu bildirib. O deyib ki, insan hüquqlarına böyük diqqət “birtərəfli” xarici siyasət yaradacaq, halbuki, əslində əks fikir ədalətlidir.

Amerikanın Azərbaycana dair “üçayaqlı ştativ”ində insan hüquqları/demokratiyanın hər zaman “ayaqları qısa” olub və bu mövzunun daha çox qabardılması ABŞ siyasətində balans yaradacaq. ABŞ tərəfindən demokratiyanın daha geniş irəliləməsi bütün dünyada kəskin şəkildə artmaqda olan dözümsüzlük və repressiv rejimlərin balanslaşdırılmasının vacibliyi ilə uyğun gəlir. Bundan əlavə, Azərbaycan silah, “Şimal-Cənub” tranzit dəhlizi kimi kompleks regional sazişlər üzrə Rusiyaya yan alıb, paytaxt Bakını Rusiya-İran ticarətinin mərkəzinə çevirib. Bu arada Bakı ardıcıl olaraq demokratik syasəti rədd edir, bununla da Qərb ilə tərəfdaşlıq üçün məkanı daraldır.

2003-cü ildən İlham Əliyevin idarəçiliyi (1993-cü ildən onun atası Heydər Əliyevin dövründə) dövründə Azərbaycan reallıqları ondan ibarət olub ki, demokratik proses dağılıb, ancaq demokratik formalar saxlanılıb. Korrupsiya geniş yayılıb və hakim ailəni, hökuməti idarə edən oliqarxları əhatə edib. Vətəndaş cəmiyyətinə qarşı repressiyalar daha da sərtləşdirilib.

1993-cü ildən bu yana heç bir prezident və parlament seçkisi ATƏT DTİHB-nin müşahidəçiləri tərəfindən “azad və ədalətli” hesab edilməyib. Panama sənədləri və 2017-ci ildə “Azərbaycan landromatı” üzrə ifşaedici materiallar pulların yuyulması, Əliyev rejiminin korporasiyası və rüşvətxorluğu haqda sənədlərdir. Ölkə daxilində energetika, tikinti, nəqliyyat, turizm və kommunikasiyanın böyük hissəsinə, hətta aeroportlara, qızıl yataqlarına, qida sənayesi müəssisələrinə bu oliqarxlar nəzarət edirlər. Beynəlxalq səviyyədə Əliyev rejimi tərəfindən pulların yuyulması sistemi rusiyalı oliqarxlar və Rusiya şirkətləri ilə əlaqəlidir. 2013-cü ildə Moskvada “Kainat gözəli” müsabiqəsini maliyyələşdirən milyarder ata və oğul – azərbaycanlılar Araz Ağalarov (ata) və Emin Ağalarovun (oğul) komandasıdır. O vaxt Emin İlham Əliyevin qızı Leyla ilə evli idi. Gənc oğlan ailələr arasında möhkəm bağlantı yaratmışdı. Koffinin güman etdiyi kimi, Əliyevin dövründə Azərbaycanın Amerika-Rusiya münasibətlərində “vicdanlı broker” olacağı şansı sıfıra bərabərdir.

Jurnalistlər və blogerlər, habelə hüquq müdafiəçiləri və demokratiya tərəfdarları istintaq və ya nəticələr olmadan təqib edilir, döyülür, həbs olunur, bəzən öldürülür. Jurnalist və redaktor Mehman Əliyev (prezident ailəsinə heç bir bağlılığı yoxdur ) uydurma ittihamla həbs olunduqdan sonra azad edilsə də 90-dan çox jurnalist, bloger və digər hüquq müdafiəçiləri həbsdədir.

Eyni zamanda, Azərbaycanın reputasiyası Qərb paytaxtlarında qiymətli hədiyyələrə və bahalı lobbi firmalarına səxavətlə xərclənən pullar hesabına süni şəkildə möhkəmləndirilib.

2012-ci il “Avropa Sabitlik Təşəbbüsü”nün hesabatında “kürü diplomatiyası”nın adı çəkilib. RejiminVaşinqtonda lobbiçilərdən istifadə etməsi bir sıra faktlarla ortaya qoyulub. Bu, Konqresin Etika Bürosunun araşdırmalarından tutmuş qanunvericilərin Azərbaycana səfərlərini əhatə edir və Till Bruknerin “Məharətli lobbiçiliyi necə təşkil etməli” adlı işi ilə bitir.

Azərbaycan hökumətinin antidemokratik xarakterinə məhəl qoymamaq olmaz. Heç kim energetika və müdafiənin qurban verilməsini təklif etməsə də, demokratiyanın və insan haqlarının irəliləməsi ABŞ strateji maraqları tərəfindən tanınmalıdır.

Demokratik dəyərləri qorumağa qadir olmamaq strateji riskdir. Birləşmiş Ştatların demokratiyanın qorunmasında seçici və abırsız olması arqumenti bütün dünyada ISIS və digər ekstremistlər üçün muzdluların tutulmasında güclü alətdir. Kremlin RT qlobal media qrupu ABŞ dəyərləri və hərəkətləri ətrafında süni şəkildə “suyu bulandırır”. RT-nin taktikası təxminən belə görünür: ABŞ demokratiya və insan hüquqlarından danışır, ancaq özü pozuntulara yol verir – “seçki pozuntularından tutmuş Ferqyusona qədər. Rusiyada da demokratiyada bəzi çatışmazlıqlar var (bu yerdə Azərbaycan “bizdə olduğu kimi” deyər). Real fərq yoxdur, sadəcə, müxtəlif demokratiya növləri var.

Bakının da təkrarladığı RT-nin arqumenti inandırıcı görünür, çünki burada Birləşmiş Ştatlardakı real nöqsanlar işıqlandırılır və bu, asandır. Real mənzərə mürəkkıbdir, RT-nin “demokratiya vəziyyət deyil, dinamik prosesdir” bəyanatının tərkib hissəsi deyil. Onun saxlanması və insan hüquqlarının qorunması maraqların mübarizəsidir. Bu mübarizə söz, kütləvi informasiya vasitələri və toplaşma azadlıqları, bəzən isə real demokratiyalarda hakim dairələrdən asılı olmayan məhkəmələr yolu ilə qazanılır.

Azərbaycanda və digər avtoritar dövlətlərdəki demokratik fəallar Qərbə, xüsusilə də Birləşmiş Ştatlara müraciət edərək onların səylərini dəstəkləməyə çağırırlar. Çünki onlar şəxsi risklər altında diktatorlara qarşı mübarizənin önündə dayanırlar.

Bəzi şeylər də var ki, hüquq-müdafiəçilərini və araşdırmaçı jurnalistləri ruhdan salır. ABŞ səfiri Bakıdan Əfqanıstana göndərilən yüz əsgəri alqışlayır, ancaq Azərbaycan həbsxanalarındakı yüz siyasi məhbusa məhəl qoymur. Və əgər indiki rejim öz mövqeyini demokratik opponentlərə güzəştə gedərsə Birləşmiş Ştatlar növbəti rejimi dost hesab edəcəkmi? Ola bilsin ki, belə dönüşə ən dramatik nümunə İran inqilabıdır. Onilliklər ərzində Birləşmiş Ştatlar öz tənqidçilərini repressiyaya məruz qoyan, öldürən, korrupsiyaya uğramış şahı dəstəkləyib. Ayətollahlar onu devirəndə “böyük dost” olan Birləşmiş Ştatlar onlar üçün “böyük şeytan” oldu. Azərbaycan İran deyil və bu dünyəvi cəmiyyətdə islam inqilabı kimi bir şeyin baş verməsi şansı çox azdır. Ancaq ibrət dərsi ondan ibarətdir ki, diktatorlar üçün Amerika dəstəyi strateji əhəmiyyət daşıyır. Bu gün yeni bir seçim gələcək perspektivləri yaxşılaşdıra bilər.

Audrey L. Altstadt. nationalinterest.org

Original: http://nationalinterest.org/feature/partnerships-corrupt-regimes-are-not-the-national-interest-24692

Odri Altştadt Massaçusets Amherst Universitetinin tarix üzrə professoru, “Postsovet Azərbaycanında ümidsiz demokratiya”nın müəllifidir.

Daha çox göstər
Back to top button