Ekonomika

Azərbaycan neft məhsulları bazarını sürətlə itirir

Azərbaycan neft məhsulları ixrac etdiyi bazarların 51%-ni ötən illə müqayisədə itirib. Bu barədə iqtisadçı Nemət Əliyev feysbukda məlumat paylaşıb. “Azadliq.info” saytına əsasən, iqtisadçı yazır:

Bu il ötən ilə nəzərən neft məhsulları ixrac etdiyimiz bazarların 51 faizindən sıxışdırılıb çıxarılmışıq. 2016-cı ildəki satış bazarlarının 82 faizi, 2015-ci ildəki satış bazarlarının 84 faizini itirmişik…

Dövlət Gömrük Komitəsinin “yanvar” dövrünə dair açıqladığı məlumatlardan məlum olub ki, Dövlət Neft Şirkəti 2018-ci ildə vur-tut 28,3 min ton neft məhsulları ixrac edib. Halbuki bu göstərici 2017-ci ildə 57,7 min ton, 2016-cı ildə 159,6 min ton, 2015-ci ildə 178,5 min təşkil edib (cədvələ bax). Diqqət edirsinizsə, “itki”lər 2015-ci ildən sonra xroniki hal alıb və bu il də davam etməkdədir. Son 3 ildə bu çeşid üzrə mal ixrac dövriyyəsinin 6 dəfədən çoxu əlimizdən çıxıb. Belə bir acınacaqlı vəziyyət ixracdan gəlirlərimizin də mütəmadi şəkildə azalması ilə müşayiət olunub. Neft məhsullarının xaricə satışından gəlirlərimiz son bir ildə 26,5%, son iki ildə 49%, son üç ildə isə 71% azalıb.

Bu rüsvayçı nəticələr düşünmək və daşınmaq üçün ciddi əsaslar yaradır. Bəs hanı neftin hasilatı və emalı, neft məhsullarının satışı üzrə illərlə toplanmış təcrübə? Niyə özünü göstərə bilmir? Dövlət Neft Şirkətinin qısa zaman kəsiyində xarici bazarlardan bu sürətlə sıxışdırılıb çıxarılmasını normal məntiqlə izah etmək mümkün deyil. Belə çıxır ki, illərlə bu sahənin yönəldənlər hələ də bazarları öyrənə, oyun qaydalarını mənimsəyə, göstəriciləri xarici bazarların tələblərinə uyğunlaşdıra bilməyiblər.

Bu sahədə ciddi dönüş yaratmaq üçün Dövlət Neft Şirkətinin rəhbərliyində və idarəçiliyində köklü islahatlara zərurət yaranıb.

Daha çox göstər
Back to top button