İctimaiyyət

Fuad Əhmədlinin kassasiya şikayəti təmin edilməyib

Martın 6-da Ali Məhkəmə Fuad Əhmədlinin kassasiya şikayətini təmin etməyib. Prosesə hakim İmran Hacıqayıbov sədrlik edib.

Kassasiya şikayətinə baxılarkən Fuad Əhmədli özü iştirak etməyib.

Vəkil Əsabəli Mustafayev cinayət işinin qondarma olduğunu deyib. O bildirib ki, “Nar Mobile”da adi operator işləmiş, heç bir qərar vermək səlahiyyəti olmayan Fuad Əhmədlinin vəzifəli şəxs kimi təqdim olunub ona ağır cəza verilməsi absurddur.

Ə. Mustafayev F.Əhmədlinin barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Vəkil Ali Məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət veriləcəyini bildirib.

F. Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb. İttihama görə, o, işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, F. Əhmədlinin həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənə aid materiallar olan disklər, kitablar tapılıb.

F. Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.

F. Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.

Daha çox göstər
Back to top button