İctimaiyyət

Demokratiya və Rifah Hərəkatı: İlham Əliyev seçki qanunvericiliyini pozur

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı 11 aprel növbədənkənar prezident seçkisində iştirak etməyəcək, nəticələrini tanımayacaq, amma prosesi izləyəcək.

“Meydan.tv” saytına əsasən, bu barədə hərəkatın yaydığı bəyanatda bildirilib.

ADR Hərəkatı iddia edir ki, seçki prosesi ciddi qanun pozuntuları ilə aparılır: “Prezidentliyə namizədliyi qeydə alınan hazırkı prezident İlham Əliyev növbədənkənar prezident seçkilərini elan edəndən sonra ötən 1 ay ərzində dövlət büdcəsindən əhalinin müxtəlif təbəqələrinə verilən maaşlar, pensiyalar, təqaüdlər və başqa sosial ödənişlərin 10 faiz artırılması (ümumilikdə, cəmi 400 milyon manat) barədə 20-dən çox sərəncam imzalayıb. Bu artım siyasəti, təxminən 2 milyon nəfərə yaxın seçicini əhatə edir ki, bu da səsvermə hüququ olanların 40 faizi deməkdir”.

Bəyanatda qeyd edilir ki, hərəkat əhalinin sosial müdafiəsinin gücləndirilməsini məqsədəuyğun hesab etsə də, bundan prezidentliyə namizədin xeyrinə təbliğat vasitəsi kimi istifadə olunmasını yolverilməz sayırıq.

“Büdcədən maliyyələşənlərin aylıq məvaciblərinin, pensiyaçıların təqaüdlərinin, sosial müavinətlərin aşağı olduğu Azərbaycanda əmək haqqı və pensiyaların artımı əhaliyə sosial qayğı paketinin tərkib hissəsi kimi planlı və davamlı aparılmalı, bu yalnız seçkidən seçkiyə şəxsi və populist məqsədlər üçün həyata keçirilməməlidir”.

Bəyanatda xatırladılır ki, dövlət büdcəsi hesabına formalaşan prezidentin 200 milyon manatlıq ehtiyat fondu vəsaitləri seçki öncəsi siyasi məqsədlər üçün istifadə olunur.

“Büdcə sistemi” haqqında Qanununun 6.7 maddəsi Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunda toplanan vəsaitin ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənməsini qadağan edir.
Hərəkat hesab edir ki, prezidentliyə namizəd olan İlham Əliyevin maaş artımı ilə bağlı verdiyi sərəncamlar aprelin 11-də keçiriləcək prezident seçkisində təbliğat kampaniyasının tərkib hissəsi olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və beynəlxalq seçki normalarının, ədalətli və bərabər seçim şərtlərinin kobud şəkildə pozulmasıdır.

“Odur ki, ADR Hərəkatı seçki kampaniyalarının maliyyəşdirilməsi üzərində şəffaflığın və hesabatlılığın təmin edilməsini, prezident seçkisi ərəfəsində, eləcə də seçki dövründə dövlət büdcəsi vəsaitlərindən və inzibati (maliyyə) resurslarından bir namizədin xeyrinə təbliğat üçün istifadəyə son qoyulmasını tələb edir”.

Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edildi.

MSK bu günə qədər prezidentliyə yeddi nəfərin namizədliyini təsdiq edib – hazırki dövlət başçısı İlham Əliyev, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasınən sədri Fərəc Quliy, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi “AXC” təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevdir.
Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.

Seçkiqabağı təşviqat martın 19-da başlayır. Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.

Daha çox göstər
Back to top button