Təhlil

”Hakimiyyət yaranmış vəziyyətin günahını müxalifətə və mühacirlərə yükləyir”

Martın 19-da İctimai Televiziyada (İTV) 11 aprel prezident seçkisində iştirak edən namizədlərin ilk ödənişsiz debatı keçirilib.

Debatda bütün namizədlər iştirak edib. Təkcə, hakim partiyanın namizədi İlham Əliyevi baş nazirin müavini Əli Əhmədov təmsil edib. Bu barədə “Meydan.tv” saytı məlumat yayıb.

Siyasi icmalçıların fikrincə, debatda bəzi diqqətçəkən məqamlar da olub. Namizədlərin əksəriyyəti ölkənin indiki durumuna görə müxalifəti və xaricdə yaşayan, hakimiyyəti tənqid edən mühacirləri suçlayıblar.

Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Akif Qurbanov Meydan TV-nin namizədlərin debatı ilə bağlı suallarını cavablandırıb. Deyib ki, 2008-ci ildən bugünədək olan seçkilərin heç birində Seçki Məcəlləsinin 80.5.-ci maddəsinə əməl edilməyib. Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan vaxtda ayrılmayıb:

“Hər dəfə məqsədli olaraq İctimai Radioda gecə saatları (22:00), İTV-də isə insanların yolda olan (19:00) vaxtı seçilirdi. Dünən isə əksini gördüm. Düşündüm ki, MSK məcəllənin 80.5-ci maddəsinin tələbini nəzərə alıb. Ancaq namizədlərin tərkibinə və çıxışlara baxdıqda fərqli yanaşma ortaya çıxır. Hakimiyyətin məqsədi heç də o deyil ki, efiri daha geniş kütlələrə çatsın və nəticədə normal debat yaransın. Kimlərin efirə buraxıldığı faktı belə hər şeyin necə kontrol altında olduğunu göstərir”.

Akif Qurbanov deyir ki, namizədlərin əksəriyyəti iki mövzuya fokslanmışdı:”Birinci, hakimiyyətin siyasəti uğurlu nəticələnib, bunun davamlı olması istənilirdi. İkinci, “ölkədəki problemlərin əsas qaynağı müxalifətdir və hakimiyyətin siyasətinə etiraz edən xaricdəki soydaşlarımızdır”, – deyə bildirilirdi. Yəni hökumət, hər şeyi uğurla həyata keçirir. Demək istəyirlər ki, problemlər olsa da, bu, müxalifətçilərdən və guya ölkənin maraqlarını xaricə satanlarla bağlıdır. Üçüncü məqam isə debatda səslənən fikirlərdəki müxtəliflik idi. Bu da sadəcə hakimiyyətiçi tərəflərin namizədlərinin bir-birlərini atəşə tutmasından ibarətdir. Yəni biri o birinin bostanına daş atan kimi, o biri də dərhal cavab atəşi yağdırırdı”.

kif Qurbanov deyir ki, debatda yaşananlar kənardan ölkənin durumunu tam bilməyənlər üçün fikir müxtəlifliyi kimi görünə bilər. Amma hakimiyyətin iç tərəflərinin namizədləri bir-birinin bostanına daş atır, öz himayəçisinin uğurlarını, yaxud onun rəqbinin neqativ tərəflərini qabartmağa çalışırdılar:

“Bununla demək istəyirlər ki, birinci şəxsin rəyində və ümumiyyətlə, ictimai rəydə həmin sahədə problemlər var. Prezident də həmin sahədəki şəxslərin dəyişdirilməsi üçün addım atsın”.

Daha çox göstər
Back to top button