İctimaiyyət

Yenilənmiş siyasi məhbus siyahısı açıqlanıb -142 nəfər

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup yenilənmiş siyahı açıqlayıb. Yenilənmiş siyasi məhbus siyahısına 142 nəfərin adı daxil edilib.

Qrupun açıqlamasında bildirilir ki, siyahı mart ayının 1-nə qədər daxil olan müraciətlər əsasında yenilənib. Siyahıda cinayət təqibində siyasi motivlərin olduğu müəyyən olunan şəxslərin sayının 142, monitorinq altında olanların sayının isə 2 nəfər olduğu vurğulanır.

İşçi Qrup qeyd edir ki, siyahı üzərində iş zamanı ölkədə söz və toplaşma azadlığı kimi fundamental haqlarından istifadə edənlərin həbslərinin artması, hökumətin dinc inanclı kəsimə qarşı repressiyalarının davam etməsi müşahidə olunub.

Qrupun siyasi məhbus kimi tanıdığı şəxslərdən 11-ı jurnalist və blobloqqer, 2-si şair və yazar, 1 nəfər hüquq müdafiəçisi, 12 nəfərsə siyasi və ictimai fəaldır.

İşçi qrup həmçinin 83 inanclı fəalı siyasi məhbus hesab edir.

Siyahıya ömürlük həbs cəzasına məhkum olunmuş 3 nəfərin, sosial məzmunlu etirazlarla bağlı tutulan 15 nəfərin, habelə dövlət məmurlarının adları daxil edilib.

İşçi Qrup bildirir ki, siyahı hazırlanarkən Avropa Şurası Parlament Assambleyasının müəyyən etdiyi meyarlara istinad olunub.

Siyahını ölkənin tanınmış hüquq müdafiəçilərinin, media, QHT və digər vətəndaş cəmiyyəti qurumlarının təmsiçilərinin imzaladığı bildirilir.

Bu, Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı hüquq-müdafiə təşkilatlarının vahid siyahısı deyil. Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan iki yerli qrup var. Hüquq müdafiəçiləri, keçmiş məhbuslardan ibarət olan həmin qruplar vaxtaşırı siyahı hazırlayıb yayırlar. Siyahılar arasında say baxımından fərq var.

Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) adlanan digər qrup 1 ay əvvəl yenilənmiş siyahı açıqlamışdı. Həmin qrup iddia edir ki, Azərbaycanda 161 siyai məhbus var.

Azərbaycan hakimiyyəti rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir.

Hakimiyyətdəkilərin fikrinə görə, adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri əməllərlə bağlı məsuliyyətə cəlb ediliblər.

Bir neçə siyasi məhbus sayılan şəxsin hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkəməsi də tanıyıb.

Daha çox göstər
Back to top button