Siyasət

“Müsəlman Birliyi” seçkilərin boykotuna qoşulub

“Müsəlman Birliyi” hərəkatı Azərbaycanda aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini boykot etdiyini bildirib. Bu qərarı həbsdə olan hərəkat rəhbərliyi qəbul edib.

Bu barədə Məhbus Ailələrinin Müdafiəsi üzrə Əlaqələndirmə Mərkəzinin iclasında təşkilatın nümayəndəsi bildirib.

“Təəssüf ki, ölkədə ədalətli məhkəmə və şəffaf seçki sistemi yoxdur. Uzun illərdir xalqımız məhkəmələrin ədalətsizliyindən, seçkilərin saxtalaşdırılmasından, qanunsuz həbslərdən əziyyət çəkir”, deyə hərəkatın nümayəndəsi bildirib.

Bununla əlaqədar “Müsəlman Birliyi” seçkilər formal xarakterli olduğu üçün onları boykot etdiyini bəyan edir.

Eyni zamanda, hərəkat ədalətsizliklə barışmaq niyyətində deyil və öz mübarizəsini davam etdirəcək.

* “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə başda olmaqla, hərəkatın rəhbərliyi 2015-ci ilin noyabrında DİN-in Nardaranda həyata keçirdiyi, 6 nəfərin həlak olmasına səbəb olan xüsusi əməliyyatdan sonra həbs edilib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin sözlərinə görə, həmin vaxt 200-dən çox insan həbs edilib.

Onların bir hissəsi qısamüddətli inzibati həbslərə məruz qalıb.

82 nəfər barəsində cinayət işi açılıb, onların 60 nəfəri hələ də həbsdədir.

Məhbus Ailələrinin Müdafiəsi üzrə Əlaqələndirmə Mərkəzinin iclasında hakimiyyətin etik normalar çərçivəsində aparılması çağırışlarına da münasibət bildirilib.

“Məgər insanların evlərinə hücum edib onları tutmaq, işgəncələrə məruz qoymaq, uzunmüddətli həbs cəzasına məhkum etmək etik mübarizədir? Məgər insanları böhtan xarakterli ittihamlarla həbs etmək, qohumlarından imtina etməyə məcbur etmək etik mübarizədir?”, deyə Gülalıyev bildirib.

O, siyasi məhbusların qohumlarına təzyiq haqqında hesabat hazırlandığını, yaxın günlərdə dərc ediləcəyini bildirib.

Qeyd edək ki, buna qədər Demokratik Qüvvələrin Milli Şurası, Müsavat, Ümid partiyaları, Respublikaçı Alternativ, NİDA, “Demokratiya və Rifah Naminə” hərəkatları və s. də seçkiləri boykot etdiklərini və ya seçkilərdə iştirak etməyəcəklərini bəyan ediblər.

Daha çox göstər
Back to top button