Siyasət

“Müsəlman Birliyi”nin “Seyid”ini “bandotdel”ə aparıb işgəncə veriblər

Müsəlman Birliyi Hərəkatının üzvü, dindar kəsim arasında “Seyid” kimi tanınan Xaliq Siyabov martın 27-də günorta saat 12 radələrində saxlanılaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Hərəkatdan “Azadliq.info”ya bildirilib ki, axşam saat 21.00 radələrinə qədər idarədə saxlanılan “Seyid” orada işgəncələrə məruz qalıb, hədələnib. Xaliq Siyabovun tutulub döyülməsinin səbəbi isə martın 26-da keçirilən tədbir olub.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin təklifi ilə koalisiya yaradılıb, ilin hər ayının 26-da toplantı keçirilib, Nardaran hadisələrinin mahiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, həbs olunanların hüquqlarının müdafiəsi istiqamətində addımlar atılmasına qərar verilib.
Martın 26-da keçirilən tədbirdə Müsəlman Birliyi Hərəkatının üzvləri ilə yanaşı, hüquq müdafiəçiləri, ziyalılar, siyasətçilər də iştirak edib.Orada Xaliq Siyabov Hərəkatın prezident seçkilərini boykot etməsi haqda bəyanatını səsləndirib.

“Seyidi möhkəm döyüblər. Bildiriblər ki, əgər bundan sonra koalisiyanın daha bir tədbiri keçirilsə, başınıza elə bir oyun açacağıq ki, Nardaran hadisələri onun yanında yalan olacaq. Tədbirdə məhbəsdə olan qardaşlarımızın anaları, bacıları, həyat yoldaşları da iştirak edib. Deyiblər ki, gələn dəfə qadınları da həbs edəcəyik. Nardaran hadisələri ilə bağlı gerçəkləri dilə gətirdiyinə görə həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmurun niyə iştirak etmədiyini soruşublar. Seyid də deyib ki, Zümrüd xanımın bacısı dünyasını dəyişdiyinə görə hüzr mərasimindədir. Seçkidən sonra Müsəlman Birliyi Hərəkatına qarşı yeni repressiya dalğasının başlanacağının anonsunu da veriblər. Ona görə hesab edirik ki, Seyidin buraxılması da müvəqqətidir, yəqin ki, seçkidən sonra onu həbs eləyəcəklər”, -deyə hərəkatın üzvü bildirib.

Daha çox göstər
Back to top button