Siyasət

Azərbaycan: müxalifətin uzaq məsafədən zərərsizləşdirilməsi

Azərbaycanda etiraz əhval-ruhiyyəsi yenidən canlanıb: müxalifət, prezident seçkilərinin daha erkən tarixə keçirilməsinə hiddətlənib, lakin hakimiyyətin bu qərarı ilə yalnız ölkədən kənarda keçirilən etiraz aksiyaları ilə mübarizə aparmaq mümkündür. Bu zaman da müxaliflərin qohumları hədələnir, onlar təqib və həbs olunur, işgəncələrə məruz qaldıqlarını deyirlər.

Azərbaycanlı müxalif fəallar etiraz aksiyasına başlayıblar: sözügedən kampaniyaya təkcə Avropada yaşayan azərbaycanlılar yox (artıq çoxu onların siyasi aktivliyinə alışıb), başqa ölkələrdə, hətta başqa qitələrdə – Amerika, Avstraliya və Afrikada yaşayan narazı azərbaycanlılar da qoşulublar.

YENİ QIĞILCIM

Əgər prezident seçkilərinin tarixi Azərbaycan Konstitusiyasına uyğun təyin olunsaydı, o, 2018-ci il oktyabr ayının üçüncü çərşənbəsində keçirilməli idi. Lakin fevralın 5-də prezident gözlənilməz bir sərəncamla növbədənkənar seçkilərin vaxtını yarım il əvvələ – aprelin 11-nə təyin etdi.

Səsi, demək olar ki, boğulmuş müxalifətin şansı onsuz da çox deyildi, seçkilərin erkən tarixə keçirilməsi isə onu sıfıra endirdi.

Adətən, Azərbaycan hökuməti etirazlara ənənəvi tərzdə reaksiya verir – bütün iştirakçıları cəzalandırır. Ancaq bu dəfə o, xaricdə etiraz edənlərin – Tural Sadıqlı, Məhəmməd Mirzəli (Mirzəliyev) və Orduxan Teymurxanın qohumlarına qarşı təzyiqləri artırmalı olub. Artıq Azərbaycanı çoxdan tərk eləmiş siyasi mühacirlərin də yaxınları təqiblərə məruz qoyulur.

Aparıcı müxalif qüvvələrin hamısı – Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, NİDA seçkiləri boykot etdi, ReAl Vətəndaş Hərəkatı isə namizədlərinin həbsdə olduğunu əsas gətirərək, seçkiyə qatılmadı. Martın 10-da Bakıda keçirilən etiraz mitinqinin təşkilatçıları da Müsavat, AXCP-nin təmsil olunduğu Milli Şura və NİDA idi.

Eyni zamanda siyasi mühacirlər də etirazlarını bildirirlər – fevral ayında Avropanın bir çox şəhərində “Diktatoru tanıdaq” adlı aksiyaya start verilib. Aksiya Azərbaycanda baş verən özbaşınalıqlar haqda məlumat yaymaqdan və fleşmobdan ibarətdir: iştirakçılar, yaşadıqları şəhərlərdə üzərində “İlham Əliyev – Azərbaycan diktatoru” yazılmış plakatlar yapışdırırlar.

Azərbaycan hökuməti isə ilk olaraq siyasi fəallar Tural Sadıqlı, Məhəmməd Mirzəli (Mirzəliyev) və Orduxan Teymurxanın ailələrini hədəfə alıb. Onların qohumları həbs olunub və işgəncəyə məruz qaldıqları barədə məlumatlar var.

TURAL SADİQLİ

Tural Sadıqlı – rejim əleyhinə aktiv mübarizə aparan gənc fəaldır. O, 2013-cü ilin sonlarında etiraz aksiyasında iştirak etdiyinə görə həbs olunub və 17 sutka inzibati cəzaya məhkum edilib. Azadlığa çıxandan sonra Tural həbsxanada dəhşətli işgəncələrə məruz qaldığını bildirib.

2014-cü ilin yanvar ayında müxalifyönümlü “Azad söz” səhifəsində onunla birlikdə adminlik edən Elvin Kərimov həbs olunandan sonra T.Sadıqlı Azərbaycanı tərk etmək qərarına gəlib:

“Ondan sonra mənim üçün də həbs olunmaq təhlükəsi yarandı. Odur ki, fevral ayında tələsik ölkəni tərk eləmək məcburiyyətində qaldım”, – Tural deyir.

2014-cü ildə Almaniyaya köçən T.Sadıqlı Azərbaycan hökumətinə qarşı mübarizəsini orda da davam etdirir:

“2014-cü il oktyabrın 22-də Berlin şəhərində parlamentin qarşısında burda yaşayan siyasi mühacirlərlə birlikdə etiraz aksiyası keçirdik”, – o, MeydanTV-yə müsahibəsində deyir.

Həmçinin T.Sadıqlı 2015-ci ilin yanvarın 21-də prezident İlham Əliyevlə Almaniya kansleri Angela Merkelin görüşü zamanı kanslerin iqamətgahının qarşısında “Amnesty İnternational”, “Human Rights Watch” və “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatlarının dəstəyi ilə keçirilən etiraz aksiyasının fəal iştirakçılarından biri olub.

“Diktatoru tanıdaq” aksiyası başlayandan qısa müddət sonra – fevralın 18-də Turalın atası Əlövsət Sadıqlı yaşadığı evin qarşısında saxlanılıb, 22-də isə qardaşı Elgiz Sadıqov Nəsimi rayonu ərazisində mülki geyimli şəxslər tərəfindən oğurlanıb:

“Həyat yoldaşımla evə qayıdanda arxadan yaxınlaşan mülki geyimli adamlar məni tutub şöbəyə apardılar. Kim olduqlarını soruşanda onları tanıdığımı, bizim vətən xaini, xalq düşməni olduğumuzu dedilər”, – Tural Sadıqlının atası Əlövsət Sadıqlı MeydanTV-yə müsahibəsində deyir.

Oğlunun harda olduğunu bilməyən, dörd gün polis idarələrini, təcridxanaları, hətta xəstəxanaları belə gəzən, hər gün polisə zəng vuran ata, nəhayət, ayın 25-də məhkəmənin Elgizə, “narkotiklərin qanunsuz dövriyyəsi” və “polisə müqavimət” maddəsilə 30 sutka inzibati cəza verdiyini öyrənib.

“Mən Elgizi yalnız Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edəndən sonra görə bildim. Bizə qısa görüş verdilər. Elgiz dörd gündə bəlkə on kilo arıqlamışdı. Üstü-başı cırıq-cırıq idi”, – ata danışır.

Əlövsət bəy oğlunun işgəncəyə məruz qaldığını fevralın 28-də keçirilən Apelyasiya Məhkəməsində Elgiz ifadə verərkən öyrənib:

“Çalışıblar ki, üzündə, başında iz qalmasın, qarnına, kürəyinə vururlarmış. Onu, hər biri dörd-beş nəfərdən ibarət qruplar səhərə qədər növbə ilə döyüblər, dəfələrlə toka veriblər. Elgiz ona niyə işgəncə verildiyini soruşanda deyirmişlər ki, yaxşı eləyirik, siz vətən xainisiz, biz dövlətin əleyhinə çıxanlarla belə davranırıq. Tutulduğu günün axşamı ekspertizaya aparmazdan əvvəl ona zorla çay içirdiblər. 20 dəqiqə sonra Elgiz bədəninin boşaldığını, başının gicəlləndiyini hiss eləyib və çayına narkotik qarışdırıldığını anlayıb. Təbii ki, narkoloji ekspertiza zamanı sidiyində həmin narkotik maddənin əlamətləri çıxmışdı. Hal-hazırda işgəncələr ucbatından Elgizin vəziyyəti ağırdır”.

Təxminən, eyni vaxtda Turala başqa bir qohumu vasitəsilə də “təsir etməyə” çalışıblar. Fevralın 20-də T.Sadıqlının əmisi, Ağdam rayon sakini Zahir Sadıqov səhər tezdən rayon polis şöbəsinə aparılıb.

Ə.Sadıqlının (Turalın atası) sözlərinə görə, şöbədə qardaşına açıq şəkildə söyləyiblər ki, müxalifət sıralarına keçmiş qardaşı oğluna təsir etsin.

ORDUXAN TEYMURXAN

Digər fəal, videobloqer Orduxan Teymurxan artıq 22 ildir ki, Niderlandda yaşayır, lakin vətəni ilə əlaqəsini kəsmir:

“2009-cu ilə qədər elə bir il olmayıb ki, Azərbaycana gedib-gəlməyim. Orda baş verən hadisələrə laqeyd qalmamışam. Əliyevlər hakimiyyətə gələndən sonra da məzuniyyətlərimi parlament, prezident seçkiləri vaxtına salırdım və bütün mitinqlərdə iştirak eləyirdim”.

2009-cu ilin aprelində keçirilən mitinqlərin birində Teymurxanı “polis əməkdaşına müqavimət göstərdiyinə görə” həbs ediblər:

“Buna görə anam infarkt keçirdi və rəhmətə getdi. Hətta Hollandiya dövləti belə işə qarışmadı, baxmayaraq ki, o ölkənin vətəndaşı idim. Mənə dedilər ki, biz Azərbaycan hökuməti ilə biznes əlaqələrimizi kəsə bilmərik. Yaxşısı budu, özünüz özünüzü xilas edin. Bu, o demək idi ki, rüşvətini ver, çıx get. Məndən külli miqdarda rüşvət aldılar”.

Bundan sonra Teymurxan bir də Azərbaycana gəlmir. İndi o, vətənində baş alıb gedən korrupsiyaya, insan hüquqlarının pozulmasına qarşı Avropada aksiyalar keçirir, dünya ictimaiyyətinin diqqətini bu problemlərə cəlb eləməyə çalışır.

2014-cü ildə Strasburqda böyük əks-səda doğuran və İlham Əliyevi AŞPA-dakı çıxışını kəsməyə məcbur edən aksiyada Orduxan Teymurxan da iştirak edib.

“VALİDEYNLƏRİNİN MƏZARLARINI DAĞIDACAQLAR”

Fevralın 17-də polis Orduxanın iki bacısı oğlunu həbs edib. Onlar da polisə müqavimət göstərməkdə ittiham olunublar və 30 sutka həbs cəzası alıblar (bu müddət hələ bitməyib).

Təəssüf ki, bu, yeni bir şey deyil. Teymurxan deyir ki, onun doğmalarına əvvəllər də təzyiq göstərilib. Məsələn, ötən illərdə qohumlarının bəziləri işdən qovulub, universitetdən xaric edilib: “Bir aksiyamızdan sonra mənə təhdidlər gəldi, ata-anamın qəbrini dağıdacaqlarını deyirdilər”.

2017-ci ildə hakimiyyət sadəcə blogerin bacısı oğlanlarını tutmaqla kifayətlənməmiş, qadınlar, hətta iki yaşlı körpə də daxil olmaqla digər qohumlarını da polisə aparmışdılar.

MƏHƏMMƏD MİRZƏLİ

Məhəmməd Mirzəli (Mirzəliyev) 2016-cı ildən Fransada yaşayır. O, müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. Məhəmməd 2013-cü ildə “Əsgər ölümlərinə son” aksiyası zamanı atası ilə birgə həbs edilib, işgəncələrə məruz qalıb. 2016-cı ildə yenidən həbs olunmaq təhlükəsi yarananda ölkəni tərk edib.

Hazırda o, “Facebook”da “Made in Azerbaijan” (“Azərbaycanda hazırlanıb”) adlı səhifənin adminidir, Orduxan Teymurxan və Tural Sadıqlı ilə birlikdə canlı yayımlar edir, ölkədəki siyasi proseslərlə bağlı fikirlərini bölüşür.

“MƏHƏMMƏDƏ TƏSİR ETMƏK”

Məhəmməd Mirzəlinin atası və bacısının həyat yoldaşı ilk dəfə bu ilin yanvar ayında həbs olunub.

“Həmin ərəfədə admini olduğum “Made in Azərbaijan” səhifəsində “Çaqqalların əlində qalmış azərbaycanlılar” adlı karikatura paylaşmışdım. Ailəmə edilən təzyiqin səbəbi həmin karikatura idi. Mənə dedilər ki, paylaşımlarımı silməliyəm və prezidentdən üzr istədiyim bir video çəkib paylaşmalıyam”, – M.Mirzəli deyir.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Azərbaycanda “Bandotdel” kimi tanınır) onlardan, fəaliyyətini dayandırması üçün Məhəmmədə təsir etmələri tələb olunub.

“Onları hədələyərək deyiblər ki, Məhəmməd fəaliyyətindən əl çəkməsə, bütün nəslinizi tutacağıq”, – Mirzəliyevlər ailəsinin, adının çəkilməsini istəməyən üzvü bildirir.

Fazil Mirzəliyev bir gün, kürəkəni E.Ağayev isə altı gün sonra buraxılıb. Lakin fevral ayında E.Ağayev təkrar həbs olunaraq polisə müqavimət maddəsi ilə 30 sutka cəza alıb və hazırda həbsdədir.

QOHUMLARIN REAKSİYASI

Ə.Sadıqlı bütün təzyiqlərə rəğmən oğlundan heç vaxt imtina etməyəcəyini və onu dəstəklədiyini deyir.

Amma fəalların heç də bütün qohumları, onları qeyd-şərtsiz dəstəkləməyə razı olmur.

“Yararsız” qohumdan ictimai şəkildə imtina eləmək – Azərbaycan hakimiyyətinin arsenalında olan sınaqlardan biridir. Məsələn, Orduxanın qohumları bu sınaqdan keçə bilməyiblər: bu yaxınlarda onlar rəsmi şəkildə Orduxandan imtina etdiklərini bildiriblər.

Fazil Mirzəliyev də oğlundan imtina etməyib. Lakin Məhəmmədin bacılarından biri və digər qohumları onunla ünsiyyətini kəsiblər.

Ancaq bu “sanksiyalar” “Diktatoru tanıdaq” fleşmobunu dayandırmağı bacarmır. Əksinə, aksiyanın təşəbbüskarları onu hələlik adsız olan yeni bir hərəkata çeviriblər və hər gün dünyanın müxtəlif nöqtələrinə səpələnmiş daha çox azərbaycanlı mühacir bu hərəkata qoşulur.

“Dünyanın bir çox ölkəsində yaşayan azərbaycanlılar bizə qoşulurlar. Həmrəylik əlaməti olaraq Avstraliyadan, ABŞ-dan, Küveytdən, hətta Afrikadan belə bizə videolar, şəkillər göndərirlər. Heç birini tanımırıq, heç birinin siyasi mənsubiyyəti yoxdur. Sıravi insanlardı. Çoxu heç siyasi səbəbdən getməyib. Gördük ki, artıq bunu bir hərəkata, təşkilata çevirmək, bu kampaniyaları, aksiyaları başqa formalarda etmək lazımdı”, – Tural Sadıqlı deyir.

Fəallar düşünür ki, bəlkə o zaman bu aksiyalar Azərbaycanda dəyişikliklərə səbəb olacaq böyük bir etiraz dalğasına çevrilər.

Daha çox göstər
Back to top button