İctimaiyyət

Almaniya polisi azərbaycanlı deputat və siyasi mühacirlərlə baş vermiş insidenti araşdırır

Almaniyanın hüquq-mühafizə orqanları martın 31-də Kölndə baş vermiş insidenti araşdırırlar. Belə ki, Azərbaycan parlamentinin deputatı Adil Əliyevin təşəbbüsü ilə təşkil edilmiş tədbirdə xəsarət alan şəxslər ondan polisə şikayət ediblər. Bu barədə “turan.az” saytı məlumat yayıb.

“Yaşasın bizim respublikamız, Azərbaycan-Türkiyə birliyi, İlhamla irəli” şüarı ilə tədbir Kölndəki mehmanxanalardan birində Azərbaycan və Türkiyə diaspor təşkilatları tərəfindən keçirilib.

Azərbaycanlı siyasi mühacirlərin bəyanatlarına görə, onları görüşə buraxmayıblar, halbuki, öncədən elan edilib ki, görüş hamı üçün açıqdır. Üstəlik, deputatın cangüdənləri bir neçə siyasi mühaciri döyüblər.

Xəsarət alanların arasında fəal Rauf Babayev də olub. Onu tədbirə buraxıblar, hətta çıxış etməsinə də icazə veriblər. Ancaq Azərbaycan hökumətini tənqid etməyə başladıqda tribunadan düşürüblər və döyüblər.

R.Babayevlə yanaşı Rövşən Qəmbər (Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin qardaşı) və digər şəxslər də polisə müraciət ediblər. Onlar cinayət təhqiqatına başlanmasını və zorakılıq edənlərin Almaniyaya girişinə qadağa qoyulmasını tələb ediblər.

“Tədbirin təşkilatçısı Adil Əliyev məsuliyyət daşıyır. Mən hakimiyyəti tənqid etdiyinə görə gəncin döyülməsinə yol verilməsini istəmədim, ancaq məni tutaraq zaldan çıxardılar, sonra təpikləyərək pilləkəndən yerə saldılar”,- R.Qəmbər “Azadlıq” radiosuna bildirib.

Sosial şəbəkələrdə R.Babayevin çıxışından video yayılıb. O, görüşün “İlham Əliyevlə irəli!” şüarı ilə keçirilməsindən narazılığını bildirib. Çünki indiki hakimiyyət onun kimi yüzlərlə gənci ölkəni tərk etməyə məcbur edib.

“Bu gün siz cümhuriyyətlə bağlı tədbir keçirirsiniz. Ancaq indiki hakimiyyət cümhuriyyət dəyərlərini məhv edir”, – o bildirib. Bu məqamda A.Əliyev onun çıxışını kəsərək tədbiri siyasi polemikaya çevirməməyə çağırıb. Bir neçə nəfər R.Babayevi zaldan çıxarıb.

R.Babayev “Azadlıq” radiosuna bildirib ki, onu yeməkxanaya apararaq orada döyüblər, qabırğasına və böyrəklərinə xəsarət yetiriblər. Bu barədə tibbi rəy var.

R.Babayevin sözlərinə görə, onu A.Əliyevin Kikboksinq Federasiyasında müavini Gülağa Cabbarov döyüb.

A.Əliyev Facebook səhifəsində öz ünvanına deyilən ittihamları rədd edib. O bildirib ki, Azərbaycan prezidentinin ünvanına təhqiramiz məzmunlu plakatlar qaldıran şəxsləri zala buraxmayıblar.

O, tədbirə idmançılarla birlikdə getdiyini də inkar edib. Onu Kikboksinq Federasiyasının iki üzvü müşayiət edib.

“Dünyanın müxtəlif ölkələrində mənim idmançı dostlarım var. Onlar həmişə mənim tədbirlərimdə iştirak edirlər”, – A.Əliyev bildirib.

Daha çox göstər
Back to top button