Fikrət Hüseynlinin Ukraynadan getməsinə icazə verilib, amma…
Piçerski Rayon Məhkəməsinin (Kiyev şəhərində) Niderland vətəndaşı, jurnalist Fikrət Hüseynlinin ekstradisiyası ilə bağlı yoxlamanın dayandırılması barədə qərar qəbul etdiyi bildirilir. Qərarın bu gün, aprelin 2-də çıxarıldığı deyilir. Bu barədə “Azadliq.org” saytı məlumat yayıb.
Məhkəmə prosesi haqda hazırda Kiyevdə olan F.Hüseynlinin özü məlumat verib. Onun deməsinə görə, məhkəmə Ukraynanı tərk etməsinə icazə verib. Bununla yanaşı o, prokurorluğun onun pasportunu qaytarmadığını deyib.
«Məhkəmə qərar verdi ki, ekstradisiya yoxlaması dayandırılsın və ölkəni tərk edim. Buna baxmayaraq, prokurorluq mənim sənədlərimi qaytarmır. Bu, tam qanunsuzdur», – F.Hüseynli bildirib.
O, pasportunun qaytarılmasından ötrü qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edəcəyini deyib.
«Niderlandın Ukraynadakı səfirliyi də bu məsələni qaldırıb», – F.Hüseynli qeyd edib.
Onun bu iddiasına Ukraynanın prokurorluq orqanlarından münasibət almaq mümkün olmayıb.