İctimaiyyət

Həbsdəki jurnalist səhhətindən şikayətlənir

Azel.tv saytının həbsdə olan təsisçisi və redaktoru Əfqan Sadıqov həyatına təhlükə olduğunu bildirir.

Bu haqda Turan-a onun həyat yoldaşı Sevinc Sadıqova bildirib. O, dünən, aprelin 2-də 17 saylı cəzaçəkmə müəssisəsində Ə.Sadıqov ilə görüşüb.

Həyat yoldaşının deməsinə görə, jurnalist bildirib ki, Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılarkən kameralar nəmişkən, soyuq olub. Xəstələndiyindən jurnalistə iynə vurulub. O vaxtdan Ə.Sadıqovun səhhətindəki problemlər daha da şiddətlənib.

“Kürdəxanıdan “kolon”a qaytarıldıqdan sonra baş ağrıları, ürək bulanması, baş gicəllənmələri başlayıb. Ürək nahiyyəsindəki ağrıları Əfqana möhkəm əziyyət verir. 10 gündən çoxdur ki, həkimlər bu problemi həll edə bilmirlər”.

Həyat yoldaşının sözlərinə görə, Ə.Şadıqovun qan təziqi sürətlə qalxır.

“Təzyiqi 190-200-ün 130-a çatır, belə olduqda iynə iynə vurulur, təzyiq 2-3 saatlığa normala düşür. İynənin təsiri keçəndən sonra təziq yenidən yuxarı qalxmağa başlayır və ağrılar daha şiddətli olur. Hər gün xeyli həblər içir, 2-3 dəfə iynə vurulur, lakin heç bir xeyri yoxdur”, xanımı deyib.

S.Sadıqova cəzaçəkmə müəssisəsində olarkən həyat yoldaşının təzyiqinin yenidən qalxdığını, həkimlərin müdaxilə etdiyini bildirib. O, jurnalistin müalicə üçün göndərilməli olduğunu ifadə edib.

Jurnalistin sağlıq durumu ilə bağlı 17 saylı cəzaçəkmə müəssisəsindən, eləcə də Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. O, icra hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub. Sadıqov bunu təxribat adlandırıb.

2017-ci il yanvarın 12-də 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) maddə ilə mühakimə olunub. Ona 2 il 6 ay həbs cəzası verilib.

Amma noyabrın 7-də Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır xəsarət yetirmə) maddəyə tövsif edib və həbs cəzasını 1 il yarıma endirib.

Сəza müddətinin başa çatmasına az qalsa da jurnalistin həbs müddəti uzadıla bilər. Çünki iki ay əvvəl həbsdəki jurnalistə qarşı daha bir məhkəmə prosesi başlayıb. Ə.Sadıqovu bu dəfə Cəlilabad rayonunun İcra Hakimiyyətinin keçmiş, Yasmal rayonunun yeni başçısı Əziz Əzizov böhtanda ittiham edir. O, jurnalistə həbs cəzası verilməsini tələb edir. Həmin məhkəmə prosesi bu günlərdə davam etdiriləcək.

Hüquq müdafiə təşkilatları Əfqan Sadıqovu siyasi məhbuslar siyahısına daxil ediblər.

Daha çox göstər
Back to top button