İctimaiyyət

Şəki dindarları: ”Hər cümə xütbəsində İlham Əliyevin təbliği ilə məşğul olurlar”

“Şəki Mərkəzi Cümə Məscidində fevraldan başlayaraq hər cümə xütbəsində məscidin Kamran, Habil, Müşfiq adlı işçiləri hakim ailənin təbliğatı ilə məşğul olurlar. Biz məscidə ibadət etmək üçün gedirik, bunları dinləməyə yox”.

Meydan TV-yə Şəkidən olan dindarlar yazıblar. Onlar dinin siyasətdən ayrı olduğunu, bunları bir-birinə qatmağın düzgün olmadığını söyləyirlər:

“Hər şeyi sonda Əliyevlərə bağlayırlar. Məsələn, məscidin imamı Müşfiq “İslamın qadınlara verdiyi dəyər” mövzusundakı xütbəsinin sonunda Mehriban Əliyeva haqqında danışdı. Onu təriflədi, nümunə kimi göstərdi. Bu, nə dərəcədə doğrudur? İnsanlar məscidə bunları dinləmək üçün getmir. Belə çıxır ki, siyasi baxışı müxtəlif olan biri məscidə ibadətə getməməlidir? Ora gedən mütləq hakim ailəni dəstəkləməlidir? Biz YAP-ın qərargahına getmirik axı, bunları dinləmək məcburiyyətində qalaq. Məscidə gedirik ki, ibadət edək. Biz siyasi məsələləri dinləmək istəmirik”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayıb. İdarədən günlərlə zənglərimizə cavab verən olmasa da, sonda “bu barədə nəsə deyə bilmərik, səlahiyyətimiz yoxdur”, – cavabı verilib.

Şəki İcra Hakimiyyətinin dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov isə məsələdən məlumatsız olduqlarını söyləyib:

“Hər bir halda bunu araşdıracağıq. Yalnız bundan sonra nəsə deyə bilərik”.

Hüquqşünas Yalçın İmanov deyir ki, məsciddə təbliğat aparmaq tamamilə qanunsuzdur. “Dini etiqad azadlığı haqqında” Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır:

“Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər. Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır. Üstəlik, Seçki Məcəlləsinin 14-cü maddəsinə əsasən, vəzifələrin uzlaşmaması halları Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə görə din xadimləri (peşəkar dini fəaliyyət ilə məşğul olduqları müddətdə) seçkili vəzifələrlə uzlaşa bilməzlər”.

Prezident İlham Əliyevin növbədənkənar seçkilərlə bağlı verdiyi sərəncamdan sonra Qafqaz müsəlmanlarının şeyxülislamı Allahşükür Paşazadə də seçki kampaniyasına qoşuldu. Özü də fərdi şəkildə yox. O, ölkədə olan bütün din adamlarını hər yerdə “haqq sözü” deməyə, cari prezident seçkisində İlham Əliyevi dəstəkləməyə çağırdı (https://www.meydan.tv/az/site/politics/27560/):

“İlham Əliyevin namizədliyini dəstəkləməyi sizdən xahiş edirəm. Xahişdən əlavə, açıq deyəcəm: bu, kontrol olunacaq”.

Daha çox göstər
Back to top button