Siyasət

KİV-lər Hüseyn Abdullayevin saxlanıldığını və Azərbaycana ekstradisiya olunduğunu bildirir

Aprelin 22-də axşam saatlarında bir sıra yerli KİV-lərdə və sosial şəbəkələrdə 2013-cü ildə Azərbaycanı tərk edən və Almaniyadan siyasi sığınacaq alan Azərbaycanlı biznesmen Hüseyn Abdullayevin Türkiyədə saxlanıldığı barədə məlumat yayılıb.

Həmin mənbələrin məlumatına görə, Abdullayev artıq Azərbaycana ekstradisiya olunub. Vətənində onun barəsində vergi ittihamı ilə axtarış elan olunmuşdu.

Hələlik rəsmi orqanlardan bu məlumatın təsdiqini almaq mümkün olmayıb.

Hüseyn Abdullayev əvvəllər Azərbaycanın hakim rejiminə yaxın biznesmen idi və daha çox “Quska” ləqəbi ilə məşhurdur.

Onun mühafizə xidmətinin işçiləri dəfələrlə müxalifət mitinqlərinin dağıdılmasında iştirak ediblər.

2005-ci ildə Abdullayev Azərbaycan Parlamentinin deputatı seçilib və ayrı-ayrı məmurların ünvanına tənqidlə çıxış etməyə başlayıb. 2007-ci ilin martında baş nazir Artur Rasizadə hesabatla çıxış edərkən o, Nazirlər Kabinetini tənqid etdikdə deputat Fəzail Ağamalı onu davaya təşviq edib.

Üç gün sonra Abdullayevin toxunulmazlığı alınıb və o, xuliqanlıq ittihamı ilə həbs edilib.

2007-ci ilin mayında məhkəmə onu 2 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Abdullayev azad edildikdən sonra “Oğuz eli” ictimai birliyini təsis edib.

2012-ci ilin sonlarında Abdullayev Almaniyaya gedib.

2013-cü ilin mayında o, Azərbaycan hökumətinə qarşı etirazlara çağırış ehtiva edən “Susma” adlı etiraz mahnısı yazıb.

İyulda ona qarşı vergi ödəməmə, qanunsuz sahibkarlıq ittihamı ilə cinayət işi açılıb və barəsində axtarış elan edilib.

Bundan sonra Abdullayev Almaniya hakimiyyətinə ona siyasi sığınacaq verilməsi xahişi ilə müraciət edib və sığınacaq alıb.

2018-ci il prezident seçkiləri ərəfəsində Abdullayev Azərbaycan hakimiyyətini amansız tənqid edib.

Abdullayevin həbsi haqqında məlumat doğrudursa, Tbilisidə jurnalist Əfqan Muxtarlının oğurlanması və Ukraynada digər bir jurnalist – Fikrət Hüseynlinin saxlanılması zamanı olduğu kimi, hüquq-mühafizə orqanlarının əməlləri növbəti beynəlxalq qalmaqala gətirib çıxara bilər.

Beynəlxalq hüquq normaları siyasi sığınacaq alan şəxslərin təqibə məruz qaldıqları ölkəyə təhvil verilməsini qadağan edir.

Azərbaycanda artıq Çexiyadan sığınacaq almış keçmiş baş nazir Surət Hüseynovun tərəfdarı Saday Nəzərov 2015-ci ildə ağır xəstə olan atasına baş çəkmək üçün gəldiyi Bakıda həbs edilmişdi. Çexiya XİN-in, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının müdaxiləsindən bir ay sonra o azad edilmişdi.

Daha çox göstər
Back to top button