İctimaiyyət

”Azərbaycanda əmək hüquqları başqa hüquqlardan daha çox pozulur”

“Qiymətlər artdıqca artır. Maaşımız isə iki il əvvəl yarıbayarı azaldıldı. Artım yoxdur. Daha doğrusu, rəsmi şəkildə ildə bir dəfə 20-30 manat arta, ya artmaya. O da necə deyim, nə yırtığa yamaqdır, nə də… Şikayət etmək olmur, etsən də vəziyyət dəyişməyəcək. Əksinə, işini itirə bilərsən. İlin-günün bu vaxtında belə riskə dəyərmi? İndi iş tapmaq özü də müşküldür. Odur ki, 350 manata qane olub oturmuşam”.

Bunu Azadlıq radiosuna uzun illərdir dövlət müəssisələrindən birində çalışan Aygün Əliyeva (ad şərtidir) deyib.

Radio qeyd edib ki, Azərbaycanda hələ iki il öncə, manatın devalvasiyasından sonra bir çox dövlət qurumları altı günlük iş həftəsini beş günə endiriblər, üstəlik, iş saatlarını da bir saat azaldıblar. Səhər saat 9-da başlayan iş günü axşam 7-də bitirdisə, son illər işçilər axşam saat 6-da işdən çıxırlar.

A.Əliyeva isə qeyd edib ki, iş günü, iş saatı azaldığı kimi maaşlarında da azalma var. Söhbət “paket maaş”dan gedir.

Azərbaycanda Əmək Məcəlləsinin idarə və müəssisələrdə yerinə yetirilməsini Dövlət Əmək Müfəttişliyi, ictimai nəzarəti isə Həmkarlar İttifaqı həyata keçirməlidir. Ancaq Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı hər iki qurumun vəzifələrini yerinə yetirmədiyini bildirir. O iddia edir ki, ölkədə əmək hüquqları başqa hüquqlardan daha çox pozulur:

“İşçilərin sosial hüquqları pozulur, sağlam iş yerləri yaradılmır, platformalarda içməli su ilə bağlı problem var, neft sahəsində qəzalı iş yerləri var, neftçilər çürük estakadalardan yıxılıb ölürlər, xəsarət alırlar. Neft sektorunda ilin əvvəlindən indiyə kimi üç ölüm hadisəsi qeydə alınıb. Başqa sahələrdə, məsələn, tikintidə nə qədər insan hündür binalardan yıxılaraq həyatını itirir. İşçilərlə yenə də əmək müqaviləsi bağlanmır. İstər dövlət, istərsə də özəl qurumlarda. Xüsusən də gözəllik salonlarında, şadlıq saraylarında, ticarət mərkəzlərində çalışan qadınlar çox vaxt müqaviləsiz, özü də səhər saat 10-dan axşam 10-a kimi fasiləsiz işləyirlər. Biz iş vəziyyətindən şikayətçi olanları Dövlət Əmək Müfəttişliyinə göndəririk, onlar da məhkəməyə”.

M.Qəhrəmanlı eyni zamanda, əmək qanunvericiliyinin vaxtaşırı dəyişdirilməsindən, sərtləşdirilməsindən narazılıq edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin saytında yazılıb:

“Qurumun fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən insan faktorunun üstünlüyü prinsipi əsas götürülərək işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib”.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevsə bu il fevralda qurumun qurultayında deyib ki, həmkarlar ittifaqları sosial dialoq və sosial ədalət prinsiplərinə tərəfdardır:

“Layiqli Əmək üzrə Ölkə Proqramı” hazırlanarkən qeyri-formal iqtisadiyyatın leqallaşdırılması, gender bərabərliyinin təmin olunması, diskriminasiya hallarının qarşısının alınması problemlərinə diqqət artırılıb. Digər tərəfdən, işsizliyin aradan qaldırılması, gənclərin məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması da önəmli məsələlərdəndir”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə hesab edir ki, Azərbaycanda zəhmətkeşlərin hüququ daha çox qorunur, nəinki Fransada, Britaniyada və yaxud Amerikada.
Deputat A.Əlizadə isə Əmək Məcəlləsinə həddən artıq dəyişiklik edilməsi və nəticədə qanunvericiliyin işçinin deyil, daha çox işəgötürənin hüquqlarını qoruması barədə iradları da qəbul etmir. O, əməkçilərin hüquqlarının qorunmaması kimi halla rastlaşmadığını söyləyir: “Hər halda, mənim yanıma gələnlərin əksəriyyətinin bir ev problemi var, bir işsizlikdir, bir də pul istəyirlər. Heç kəs mənə əmək hüquqlarının pozulması ilə bağlı müraciət etməyib”.

Mayın 1-i Beynəlxalq Əmək Günü kimi qeyd edilir. Bununla bağlı qərar II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib.

Daha çox göstər
Back to top button