Vəkillərə Saleh Rüstəmov və onun digər qohumları ilə görüş verilmir

“Hələlik vəkillər nə qardaşım Saleh Rüstəmovla, nə də qardaşım oğlu Vidadi Rüstəmovla görüşə bilməyiblər”, – S. Rüstəmovun qardaşı Taleh Rüstəmov Turan-a bildirib.
T.Rüstəmovun sözlərinə görə, hər iki yaxını 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
İşi aparan müstəntiqlər görüşə şərait yaradacaqları barədə vəkillərə vəd versələr də buna əməl etmirlər.
S.Rüstəmovun vəkili apellyasiya şikayəti verib və mayın 16-da saat 15.00-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Xatırladaq ki, S.Rüstəmov 1992-93-cü illər Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dönəmində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub. 1997-ci ildən Rusiyada yaşayır, Rusiya vətəndaşıdır və orada kiçik bizneslə məşğul olur.
Bu ilin mayında S.Rüstəmov qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib, mayın 8-də yenidən Rusiyaya qayıtmaq üçün Bakıya gəlmək istəsə də Şəmkir yaxınlığındakı postda saxlanılıb, Bakıya gətirilib və burada Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotika satışı) maddəsilə barəsində cinayət işi başlanılıb.
Elə həmin gün S.Rüstəmovun qardaşı oğlu V.Rüstəmov da saxlanılıb. Nərimanov Rayon Məhkməsi eyni maddə ilə onun barəsində də 4 aylıq həbs qərarı çıxarıb.