İctimaiyyət

Azərbaycanlı vəkil müxalifətçinin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edir

AXCP fəalı Mirfeyzullah Seyidovun vəkili Cavad Cavadov onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edib.

Vəkil öz müraciətini M.Seyidovun ağır xəstə olması ilə əsaslandırıb və həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə təqdimatın verilməsini xahiş edib.

Vəkil mayın 15-də istintaq təcridxanasında M.Seyidova baş çəkib və onun səhhətinin kəskin pisləşdiyinin şahidi olub.

“O, xroniki böyrək xəstəsidir, 1-ci qrup əlildir. Həftədə üç dəfə hemodializ prosedurundan keçir. Bundan başqa şəkərli diabet, hipertoniya, anemiya xəstəliklərindən əziyyət çəkir. Bir il əvvəl ürək əməliyyatı keçirib, ürəyinə iki ədəd stend qoyulub. Bakı İstintaq Təcridxanasında onu dializ proseduru ilə təmin ediblər, ancaq həkim nəzarətinə ehtiyacı var. Ən azı Müalicə Müəssisəsində olmalıdır”, – vəkil hesab edir.

Vəkil M. Seyidovun xəstəliyinə dair sənədləri də baş prokurora müraciətinə əlavə edib.

M. Seyidov mayın 9-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (küllü miqdarda narkotik maddə satışı) maddəsi ilə ittiham irəli sürülüb.

Mayın 10-da Nərimanov Rayon Məhkəməsi M.Seyidovun barəsində həbs qətimkan tədbiri seçib.

Daha çox göstər
Back to top button