Praktik hüquqşünasların şikayəti Ali Məhkəmədə
Bir qrup praktik hüquqşünasın Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) iddiasına Ali Məhkəmədə baxılacaq.
Bu haqda «Turan» agentliyinə iddiaçılardan hüquqşünas Samirə Ağayeva məlumat verib.
Keçən il noyabrın 18-də hüquqşünaslar Bakıda mitinq keçirmək istəsə də, şəhər rəhbərliyi aksiyanın keçirilməsinə icazə verməmişdi.
Hüquqşünaslar əvvəlcə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, BŞİH-nin qərarının qanunsuz sayılmasını istəmişdi. Ancaq məhkəmə iddianı mümkünsüz saymışdı. Sonra Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamışdı.
S.Ağayevanın deməsinə görə, aşağı məhkəmə qərarlarından verdikləri kassasiya şikayəti Ali Məhkəmədə icraata götürülüb.
«Şikayət hakim Rahib Nəbizadənin icraatına verilib. Kassasiya şikayəti üzrə məhkəmə baxışı iyunun 28-nə təyin edilib», – o, bildirib.
Kassasiya şikayətində hüquqşünasların iddiası üzrə aşağı məhkəmələrin çıxardığı qərarların ləğv edilməsi, onların hüquqlarının pozulmasının tanınması istənilir.
Bakı Şəhər İcra Hakimiyyətini hüquqşünaslar Xalid Bağırov, Namizəd Səfərov və Samirə Ağayeva məhkəməyə verib.