Beynəlxalq

Vəkillərlə bağlı hökumətə çağırış edilib

İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq (International Partnership for Human Rights -IPHR) təşkilatı Azərbaycanda insan haqları sahəsində çalışan vəkillərə basqılardan, onların lisenziyalarının dayandırılmasından narahatlıq ifadə edən bəyanat yayıb.

“Azərbaycan hökuməti bütün hüquqşünasların peşə fəaliyyətlərini maneəsiz və repressiya qorxusu olmadan həyata keçirə bilmələrini təmin etməlidir”, sənəddə vurğulanır.

İPHR diqqəti Azərbaycanda vəkillik fəaliyyətini tənzimləyən qanunlara ötən ilin sonlarında dəyişiklıik edilməsinə, ardınca insan haqları müdafiəsi sahəsində tanınan bir neçə vəkilin fəaliyyət lisenziyalarının müvəqqəti dayandırılmasına diqqəti çəkib.

“Aprel ayının 23-də Azərbaycan Vəkillər Kollegiyası iki tanınmış vəkilin – Əsabəli Mustafayevin və Nemət Kərimlinin lisenziyalarını müvəqqəti olaraq dayandırmaq barədə qərar qəbul edib. Bu qərar vəkillərin müdafiə etdikləri şəxslərin təzyiqə mərzu qalmasından sonra Azərbaycanın baş prokurorunun birinci müavininin şikayətindən sonra qəbul edilib”, deyilən sənəddə Ə.Mustafayevin qaçaqmalçılıqda təqsirləndirilən siyasi fəal Gözəl Bayramlının, N.Kərimlinin isə Gürcüstan ərazisindən qaçırıldığı iddia olunan jurnalist Ə.Muxtarlının vəkili olmasına diqqət çəkilir.

İPHR 2018-ci ilin yanvarında başqa bir vəkil Fəxrəddin Mehdiyevin, odan öncə isə Yalçın İmanovun də eyni əsaslarla vəkillik fəaliyyətlərinin dayandırıldığını qeyd edir. Eyni zamanda müxtəlif vaxtlarda vəkillər Elçin Namazovun, Fərhad Mehdiyevin, Aslan İsmayılovun, Muzəffər Baxışovun, Əlayif Həsənovun fəaliyyətlərinə dəxitam veridiyi vurğulanıb.

Sənəddə 2017-ci ilin noyabr ayında Azərbaycan parlamentinin vəkillik fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik etməsinə də toxunulub. Bildirilib ki, həmin dəyişikliklər Vəkillər Kollegiyasının üzvü olmayan praktik hüquqşünasların məhkəmələrdə təmsilçiliyini məhdudlaşdırıb. Təşkilat bu dəyişikliklərin hüquq müdafiəsi işində ciddi problemlər yaratdığını ifadə edib.

Təşkilat vurğulayır ki, qeyd olunan qanunvericilik düzəlişləri beynəlxalq hüquqla təminat altına alınan ifadə azadlığı hüququ, o cümlədən hüquqşünasların rolu ilə bağlı Azərbaycanın beynəlxalq öhdəlikləri və beynəlxalq standartlarla ziddiyət təşkil edir.

“İPHR Azərbaycan hökumətini bütün hüquqşünasların peşə fəaliyyətlərini maneəsiz və repressiya qorxusu olmadan həyata keçirə bilməsini təmin etməyə çağırır”, sənədin sonunda vurğulanır.

Daha çox göstər
Back to top button