İctimaiyyət

Azərbaycan səhiyyə sistemi reytinqində 92-ci yerdədir

Britaniyanın nüfuzlu The Lancet tibbi jurnalı səhiyyə sistemlərinin səmərəlilik səviyyəsi üzrə ölkələrin illik reytinqini dərc edib. Nəşr dünyanın 195 ölkəsində tibbi xidmətdən istifadə imkanlarını və onun keyfiyyətini qiymətləndirib. İndikator kimi səmərəli müalicə yolu ilə xəstənin ölümdən xilas edilməsi mümkün olan 32 xəstəliyə baxılıb.

Hesabatda qeyd edilir ki, tibbi-sanitar xidmətlərin ümumi əhatəsinin təmin edilməsinin əsas komponentlərindən biri bütün əhali qruplarının keyfiyyətli tibbi xidmət əldə etmək imkanının təmin edilməsidir. Bu sahədə uğur və nailiyyətlərin və ya nöqsan və geriliklərin araşdırılması gələcək inkişafla bağlı rəhbər qərarların və strategiyaların hazırlanması üçün həlledici əhəmiyyət daşıyır.

Reytinqə əsasən, dünyada ən yaxşı səhiyyə sistemi İslandiyadadır. O, 100 mümkün baldan ən çoxunu – 97,1 bal alıb. Daha sonra siyahıda Norveç, Hollandiya, Lüksemburq, beşinci yerdə isə 95,9 balla Finlandiya və Avstraliya gəlir. Bu, o deməkdir ki, bu ölkələrin sakinlərinin tibbi yardımdan maksimum istifadə imkanı var və bu yardım sayəsində insanlar ən təhlükəli və ağır xəstəliklərdən belə müalicə olunur.

Estoniya 86 balla 31-ci, Latviya 81 balla 43-cü, Litva 80 balla 45-ci yerdədir. Azərbaycan bu reytinqdə 66 balla 92-ci yeri tutub və uzaq Meksika və Peru ilə qonşu olub. 70-ci yeri tutan (71 bal) Ermənistan, Qazaxıstan (78-ci yer, 69 bal), Moldova (87-ci yer, 67 bal), Gürcüstan (89-cu yer, 67 bal) bizdən yuxarıdadır.

Reytinqdə sonuncu yerləri Çad, Qvineu-Bisau, Somali, Mərkəzi Afrika Respublikası tutub (https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(18)30994-2/fulltext?code=lancet-site).

Bu məlumatları Turan-a şərh edən iqtisadçı ekspert Samir Əliyev qeyd edib ki, milli araşdırmalar Azərbaycanda qeyri-infeksiya xəstəliklərindən ölüm hallarının səviyyəsinin yüksək olduğunu göstərir – ümumi ölüm hallarının 87%-i bu xəstəliklərin payına düşür. Xüsusən, ölümcül nəticələrin 57,8%-i ürək-damar xəstəliklərinin payına düşür. İkinci yeri onkoloji xəstəliklər tutur.

Daha çox göstər
Back to top button