Təhlil

Nüfuzlu konqresmen Azərbaycan hökumtinə qarşı sərt tədbirlər görməyə çağırdı

ABŞ Konqresi Helsinki Komissiyasının həmsədri, nüfuzlu konqresmen Kristofer Smitin Azərbaycan hakimiyyətini sərt tənqid edən məqalə ilə çıxış edib. Məqaləni azadliq.info yayıb. Məqalə Konqresin fəaliyyətini işıqlandıran The Hill nəşrində dərc olunub. Məqalənin məğzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi fonunda indiki hakimiyyətin insan hüquq və azadlıqlarını boğmasına işıq tutmaqdır. K.Smit yazır:

2003-cü ildən ölkəni diktatura idarə edir. Mayda dövlət başçısı xalqının 100 illik qürurunu yada salıb, amma, eyni zamanda, öz xalqını boğmaq üçün əlindən gələni edir.

“Müsəlman şərqində ilk dəfə olaraq Azərbaycan xalqı bütün vətəndaşlarına bərabər imkanlar yaradaraq, azad cəmiyyətdə yaşamaq arzusunu nümayiş etdirib”, deyə Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çıxışında bildirib.

Amma Azərbaycan xalqı azad cəmiyyətdə yaşamır. Belə ki, bu yaxınlarda keçirilən seçkilərdə Əliyev ölkəni idarə etmək istəyini 2025-ci ilə qədər uzadıb.

Son illər Əliyev daim idarəetmə metodlarını sərtləşdirir, icra hakimiyyətinin səlahiyyətlərini genişləndirir. Bu yaxınlarda isə prezidentin idarəetmə müddətini 5 ildən 7 ilə qədər uzatdı, bundan əvvəl də həyat yoldaşını ölkənin vitse-prezidenti təyin etdi.

Azərbaycanda saxta seçkilər keçirilən günlərdə qonşu Ermənistanda inqilabla nəticələnən xalq hərəkatı başladı. 2003-cü ildə Gürcüstanda və 2018-ci ildə Ermənistanda 10 minlərlə insanın küçələrə çıxması ilə baş verən inqilabi dalğanın qarşısını Azərbaycanda almağın mümkün olacağı çox az ehtimal olunur.

Vaxtilə müsəlman şərqində parlament respublikası olan ölkə bu gün AXC-nin təqlididir.

Hakimiyyət müxalifəti tamamilə boğmaq üçün daim repressiyalar həyata keçirir. Bu zaman həbslərdən və işgəncələrdən istifadə olunur. Ölkə parlamentində real müxalifətdən bir deputat belə yoxdur.

Məhkəmə sistemi ədalətli mühakimənin təqlididir, uzun illərdir təqsirsiz müxalifət və vətəndaş cəmiyyəti fəallarını vergiləri ödəməməkdə, xuliqanlıqda və ya narkomanlıqda ittiham edərək, həbsə atmaqla məşğuldur.

Bu gün Azərbaycanda 140-dan çox insan siyasi məhbus hesab olunur, onlar arasında jurnalistlər də az deyil.

Dövlət başçısı öz aksiyalarını ölkənin hüdudlarına da yayaraq, siyasi rəqiblərini məhv etməyə davam edir. Bu zaman hakimiyyətin repressiyaları minimum sayda siyasi məhbusa şamil edilən müntəzəm kiçik amnistiyalarla yumşaldılır.

Hökuməti istənilən ictimai nəzarətdən azad etmək üçün hakimiyyət müstəqil mətbuatı və vətəndaş cəmiyyətini məhv edib.

Hakimiyyət qanunvericilik səviyyəsində bir çox KİV-lərin, internet-resursların və müstəqil nəşrlərin fəaliyyətinə qadağa tətbiq edib.

Bu gün ölkə 180 ölkə arasında mətbuat azadlığının səviyyəsinə görə 163-cü yeri tutur.

Azərbaycan hakimiyyəti Amerika ilə əməkdaşlıq ətrafında spekulyasiya edir, bizi ölkədə hüquq və azadlıqların pozulmasını görməzdən gəlməyə çağırır.

Terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstandakı qoşunlarının təchizatında iştirak, habelə Avropaya qaz nəqli Qərbi Azərbaycanda hüquq və azadlıqların pozulmasına göz yummağa məcbur etmək məqsədi daşıyır.

2017-ci ilin sentyabrında mən qanun layihәsi təqdim etdim ki, administrasiya Azərbaycanla münasibətlərimizdə insan haqlarını rəhbər tutsun, Azərbaycan hökumətinin insan haqlarını pozan üzvlərinə qarşı səfər qadağası və aktivlərinin dondurulması kimi sanksiyalar tətbiq edilsin.

Azərbaycan hökuməti öz vətəndaşlarının hüquqlarını və ləyaqətini tapdaladığına görə uzun müddətdə Amerika üçün təhlükə riski yaradır.

Respublika gününün 100 illiyində Amerika hökuməti Azərbaycan tərəfindən öz demokratik köklərinə qayıtmağı, 21-ci əsrdə insan azadlıqları və hüquqlarına hörmət edən dövləti bərpa etməyi istəməlidir. Azərbaycan hökumətinin necə reaksiya verməsindən asılı olmayaraq, ABŞ hökuməti Azərbaycan xalqının yanında olmalıdır. Çünki Azərbaycan xalqının ləyaqət və azadlıq istəyi hökumət tərəfindən həmişəlik inkar oluna bilməz.

Daha çox göstər
Back to top button