Siyasət

Fəallar REAL liderinin ad gününü həbsxananın qarşısında qeyd edib

 İyunun 14-də REAL Partiyasının lideri İlqar Məmmədovun ad günüdür. O, altıncı ad gününü həbsxana divarları arxasında qarşılayıb.

Bu gün Məmmədovun bir qrup tərəfdarı onun həbs cəzası çəkdiyi 2 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına gələrək aksiya keçirib. Aksiya iştirakçıları REAL liderinin ad günü münasibəti ilə həbsxana üzərindən şar çəlləngi uçurub, İlqar Məmmədova azadlıq şüarları səsləndirib.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o hələ də azadlığa buraxılmayıb.

2017-ci ilin dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İlqar Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı 2017-ci ilin 16 noybarında çıxardığı ikinci qərar da hələ icra edilməyib. Qərar 2018-ci ilin martın 5-də qəti hüquqi qüvvəyə minib və icrası üçün 3 ay müəyyən edilib. Lakin icra müddəti iyunun 5-də bitməsinə baxmayaraq Ali Məhkəmənin Plenumu hələ də Avropa Məhkəmənin qərarının icrası ilə bağlı məsələyə baxmayıb.

Daha çox göstər
Back to top button