“Azərbaycan yenə təzyiqlərlə üz-üzə”

«Yeni Müsavat» qəzetində «Azərbaycan yenə təzyiqlərlə üz-üzə» sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilir ki, iyunun 25-i və 29-u arasında Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək.
Sessiyanın ikinci günündə lüksemburqlu deputat İv Kruşenin Rusiyada, Azərbaycanda və bir sıra digər ölkələrdə qeyri-hökumət təşkilatlarının (QHT) hüquqlarının pozulması haqqında məruzəsi deputatların müzakirəsinə çıxarılacaq.
Müəllif xatırladır ki, qurumun bu il aprelin sonlarında keçirilən yaz sessiyasında Azərbaycana qarşı sərt qərarlar qəbul edilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova iki illik sanksiya tətbiq edilib. O bu müddət ərzində AŞPA-da vəzifə tuta bilməz və məruzəçi kimi fəaliyyət göstərə bilməz.
Müəllif bu mövzuda hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə söhbət edib.
Hüquq müdafiəçisi N.Cəfəroğlu hesab edir ki, son əfv sərəncamı ilə beynəlxalq qurumların siyahılarında olan siyasi məhbuslardan çoxu azadlığa buraxılsaydı, bunun AŞPA-nın yay sessiyasına ciddi təsiri olardı: «Amma bunlar olmadı və sözsüz ki, yay sessiyasında bu məsələyə toxunacaqlar».