Gəncənin icra başçısı Elmar Vəliyev və polis əməkdaşına sui-qəsddə təqsirləndirilən Yunis Səfərov radikal düşüncəli şəxsdir

Gəncənin icra başçısı Elmar Vəliyev və polis əməkdaşına sui-qəsddə təqsirləndirilən Yunis Səfərov radikal düşüncəli şəxsdir.
Bu barədə APA-nın Moskva müxbirinə Yunis Səfərovun yaxınları məlumat verib.
Məlum olub ki, Y. Səfərov bir müddət təhsil aldığı məktəbdə pedaqoji fəaliyyətlə də məşğul olub, tarix fənnindən 1 ilə yaxın dərs deyib. Lakin məktəbdə təhsil alan şagirdlərin valideynlərinin şikayəti əsasında o, məktəbdən çıxarılıb. Valideynlər Y. Səfərovun şagirdlərə ixtisasdan tamam başqa şeylər öyrətdiyini, dini ideyalar təbliğ etdiyini, şagirdləri aqressivləşdirdiyini bildiriblər.
Y. Səfərov daha sonra dini təhsil almaq üçün İrana gedib, orda yaşayıb və oxuyub.
Yaxınları qeyd ediblər ki, idmanla məşğul olan Y. Səfərov fanatik şəxs olub və radikallığa meyl edib. Y. Səfərov evlidir. Bir oğlu, bir qızı var. Yaxınları Y. Səfərovun hərbi xidmətdə olmadığını bildiriblər. Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi də qeyd edilir.