Təhlil

Q. İbadoğlu։ «Mingəçevirdəki son hadisələr göstərdi ki, Azərbaycandakı partlayış dövlət şirkətlərində çoxdan kök salmış korrupsiyanın nəticəsidir»

Strateq.az saytı ötən həftə baş verən qəzadan yazır: «İqtisadçı alimdən həyəcan təbili: Mingəçevir sonuncu deyil».

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu sayta danışıb: «Mingəçevirdəki son hadisələr göstərdi ki, Azərbaycandakı partlayış dövlət şirkətlərində çoxdan kök salmış korrupsiyanın nəticəsidir».

İqtisadçının fikrincə, bu partlayış həm də ölkənin yaxşı idarə olunmamasının göstəricisidir: «Azərbaycan pis idarə olunur, belə fövqəladə vəziyyətdə məsul orqanlar arasında koordinasiya, böhranı idarəetmə proqramı və meneceri yoxdur, ona görə də Mingəçevir sonuncu hadisə deyil. Azərbaycanda indiyə qədər olmuş və bundan sonra olacaq bütün partlayışların başlıca səbəbi korrupsiyadır».

Q.İbadoğlu hesab edir ki, korrupsioner məmurların idarə etdiyi hər bir sahə potensial partlayış mənbəyidir və belə partlayışlar yalnız Mingəçevirdə, Gəncədə deyil, ölkənin bütün regionlarında, dövlətin mülkiyyətində olan hər bir sahədə gözləniləndir.

İqtisadçı korrupsioner məmurların cəzadan kənarda qalmalarını da vurğulayır. Səbəbini isə korrupsiyanın ölkədə sistemli xarakter daşıması ilə izah edir: «Bu ölkədə hətta korrupsiyaya nəzarət edən dövlət orqanları da korrupsiyalaşıb, ictimai nəzarət institutları sıradan çıxarılıb. Nə qədər ki, korrupsiyaya qarşı mübarizədə siyasi iradə nümayiş etdirilmir, korrupsioner məmurlar cəzalandırılmır, Azərbaycanda partlayışlar bir o qədər də davam edəcək…».

Ekspertə görə, bu partlayışlardan xilas olmağın yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindən, islahatlara getməkdən keçir.

Daha çox göstər
Back to top button