Beynəlxalq

Avropa Məhkəməsi Azərbaycandan 25 şikayəti araşdırmağa başlayıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 25 Azərbaycan vətəndaşının şikayətini araşdırmağa başlayıb.  Bu haqda AİHM-in məlumatında bildirilir.

Turan İA-nın verdiyi məlumata görə, Şikayətçilər AİHM-ə müraciətlərdində ədalətli məhkəmə araşdırması, ləyaqətli rəftar və mülkiyyət hüquqlarının pozulduğunu iddia ediblər.

AİHM-in araşdırdığı şikayətlərdən biri son zamanlaradək Müsavat Partiyasının rəhbərlərindən olmuş Yadigar Sadıqovun vəkillərinin müraciəti ilə bağlıdır. 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum edilmiş siyasətçinin vəkilləri onun məhkəmə zalında metal qəfəsdə tutulmasını mübahisələndiriblər. AİHM-in məlumatına görə, vəkillər bunu ləyaqəti alçaldan rəftar (Avropa Konvensiyasının 3-cü maddəsi) hesab edirlər. Yadigar Sadıqov 2013-cü ilin iyununda həbs olunmuş, 2014-cü ilin əvvəlində isə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Xuliqanlıqda təqsirli bilinmiş Y.Sadıqovu daha sonra prezident əfv etmişdi.

AİHM-in araşdırdığı digər şikayət Bakı sakini Elnur Qədirovun müraciəti ilə bağlıdır. O, AİHM-ə şikayətində ölkə məhkəmələrinin onun Avropa Konvensiyasının 6-cı maddəsi ilə (Ədalətli məhkəmə araşdırması hüququ) təminat altına alınan hüquqlarını pozduğunu iddia edib. Həmin şikayətin detalları haqda bilgi verilmir. Başqa bir Azərbaycan vətəndaşı Tahir Kazımov isə AİHM-ə şikaytində iddia edib ki, yerli məhkəmələr onun mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnu pozublar. Həmin şikayətin də detalları açıqlanmır.

AİHM-in həmçinin müharibə kontekstində öz yaşayış yerlərini itirmiş 22 məcburi köçkünün şikayətini araşdırmağa başlayıb. Məcburi köçkünlər Bakıya köçərək gecəqondu evlərdə yerləşməya başladılar. Həmin evlər isə 2000-ci illərin ortalarında Bakı Metropoliteni üçün stansiya tikintisi əsası ilə sökülüb. Hökumət məcburi köçkünlər istisna olmaqla, söküntü işləri aparılmış ərazidən köçürülənlərin hamısına təzminat ödəyib.

Məcburi köçkünlər iddia edir ki, təzminat almamaları onların Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində (Mülkiyyət hüququ) və Konvensiyasının 14-cü maddəsində (Ayrıseçkilik) nəzərdə tutulan hüquqlarını pozub. Bütün şikayətlərdə AİHM-dən xahiş edilir ki, pozuntuları tanısın və Azərbaycan hökumətinin üzərində dəymiş maddi və mənəvi zərərin əvəzini ödəmək öhdəliyi qoysun.

Daha çox göstər
Back to top button