Siyasət

Baş Prokurorluq Gəncədəki sui-qəsdlə bağlı bəzi KİV-lərə qarşı cinayət işi açdı

2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi profillər vasitəsi ilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanıb. Bu barədə Baş Prokurorluqdan Trend-ə bildiriblər.

Bundan başqa, sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb.

Göstərilənlərlə yanaşı, “criminalaz.com” və “bastainfo.com” internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxsləri ötən dövr ərzində  03-06 iyul 2018-ci il tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi ilə məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edərək yayımlayıblar.

Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla “topxeber.az” və “fia.az” internet saytlarının vəzifəli şəxsləri tərəfindən “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların məqsədli şəkildə yayılması müəyyən edilib.

“Bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib.

Daha çox göstər
Back to top button