Təhlil

Eldar Namazov: “Bu, sadəcə enerji məsələsi deyil, Azərbaycanın milli təhlükəsizliyinə olan birbaşa qəsddir”

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov musavat.com-a müsahibəsində Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən hadisələrə toxunub.

“Təsəvvür edin, Mingəçevir İstilik Elektrik Stansiyasında bir yanğın baş verdi, bütün ölkə iflic vəziyyətinə düşdü. Prezidentin yanında keçirilən müşavirədə də məlum oldu ki, aylarla, illərlə FHN-in komissiyaları, başqa qurumlar orda vəziyyətin çox təhlükəli olması barədə xəbərdarlıq ediblər. Həmçinin nöqsanlar, zəif yerlər də göstərilib ki, hara təmir olunmalıdır. Ancaq indi bəlli olur ki, həmin xəbərdarlıqlardan da nəticə çıxarılmayıb və vaxtında avadanlıqlar dəyişdirilməyib, təmir işləri isə yarımçılıq aparılıb”.

E.Namazov qeyd edib ki, bu, sadəcə enerji məsələsi deyil, Azərbaycanın milli təhlükəsizliyinə olan birbaşa qəsddir və bununla bağlı cinayət işi qaldırılmalı və çox ciddi araşdırmalar aparılmalıdır: “Mingəçevirdəki qəzadan iki gün sonra yenə də bir yanğın baş verdi. Ondan sonra axşamüstü növbəti bir yanğın oldu. Yəni illərlə həmin stansiyada modernləşdirmə, təmir işləri elə aparılırdı ki, həmin elektrik stansiyasında bir yox, iki yox, bir çox yerlərdə qəza vəziyyəti yaratmışdılar. Bunu təsadüfi saymaq olarmı?

Şəxsən mənim yanaşmam odur ki, bu sahəyə rəhbərlik edən adamlar illərlə orda işlərini düzgün qurmayıblarsa, aldıqları avadanlıqlar yararsız olubsa, təmir işləri yarımçıq həyata keçirilibsə, bu, dövlətə xəyanətdən başqa bir şey deyil”.

Daha çox göstər
Back to top button