Siyasət

Mustafa Hacıbəyli: Rəsmi qərar olmadan ”Basta” saytına Azərbaycandan girişi bağladılar

Azərbaycanda bir neçə sayta qarşı Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlandığı bildirilir.

Meydan TV-nin xəbərinə görə, bu barədə “Bastainfo.az” saytının baş redaktoru Mustafa Hacıbəyli öz “Facebook” səhifəsində məlumat yayıb. İyulun 9 və 10-da Respublika Prokurorluğunda dindirilən jurnalistin sözlərinə görə, yenə də ifadə verməyə çağırılıb:

“Dünəndən 3 dəfə prokurorluğa çağırılmışam. Dosye toplayırlar. Deyirlər, yenə çağıracağıq. Heç bir rəsmi qərar olmadan “Basta” saytına Azərbaycandan girişi bağladılar – blokladılar. Sayta yalnız TOR brauzerdən girmək olur”.

Mustafa Hacıbəylinin sözlərinə görə, prokurorluğun “Basta”ya qarşı bütün ittihamları əsassızdır:

“Heç vaxt qanunu pozmadıq və qanunsuz çağırış etməmişik. Mənbə göstərmədən və yoxlamadan heç bir yazı dərc etməmişik. Bizə qarşı bu qərarlar və ittihamlar Azərbaycanda söz azadlığının boğulması istiqamətində atılan növbəti addımlardır”.

“Bastainfo” saytının baş redaktoru Mustafa Hacıbəyli iyulun 9-da Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Sonradan onu Bakı Şəhər Prokurorluğuna dəvət ediblər. Son iki gündə baş redaktor 3 dəfə dindirilib.

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta”- ya verilən məlumata görə, Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda korrupsiyanın ölkənin bütün sahələrini əhatə etdiyi vurğulanıb. Məhz bunun nəticəsində ölkənin əsas strateji sahəsi olan energetikada baş vermiş dərin böhran dövlətimizin milli təhlüksizliyinin müdafiə sisteminin nə qədər zəif olduğunu üzə çıxardı.

Gəncədə baş verən cinayət hadisəsi idarəetmə sisteminin yararsızlığının göstəricisidir. Təqsirləndirilən şəxsə verilmiş işgəncələr qətiyyətlə pislənilib, istənilən şəraitdə işgəncələrin qadağan olunmasının mütləq hüquq olduğunu bir daha vurğulanıb.

Divanda vicdan məhbusu İlkin Rüstəmzadəyə qarşı cəzaçəkmə müəssisəsində olan pis rəftarın yolverilməz olduğunu bildirib, bütün siyasi məhbusların azad olunması tələb edilib.

İclasda Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin  çağırış vərəqəsi göndərmədən, mülki geyimli polislər tərəfindən partiyanın qərargahından Bakı Şəhər Prokurorluğuna aparılmasının qanunazidd olduğu bildirilib.

Daha çox göstər
Back to top button