İctimaiyyət

Gəncədəki hadisələrdə şübhəli bilinən şəxs polis tərəfindən öldürülüb

Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən Rəşad Məmmədəli oğlu Böyükkişiyev zərərsizləşdirilib. APA-nın əldə etdiyi məlumata görə, R. Böyükkişiyev bu gecə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu ərazisində zərərsizləşdirilib. O, hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib və bu zaman öldürülüb.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs – Fərrux Xəqani oğlu Qasımov isə bir neçə gün əvvəl yerli əhalinin köməyi ilə tapılaraq polisə təhvil verilib.

Bundan başqa, Gəncə hadisələri ilə bağlı 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın verdiyi məlumatda qeyd olunur ki, Azərbaycanın baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirib, görülən işlər barədə hesabatlarını dinləyib.

Daha çox göstər
Back to top button