Milli Şura: “İqtidarın yarıtmaz siyasəti nəticəsində ölkə vətəndaş qarşıdurmasının bir addımlığındadır”

Milli Şura Azərbaycanda yaranmış son vəziyyətlə bağlı bəyanat verib. Bəyanatı azadliq.info təqdim edir:
“İyul ayının 3-də Mingәçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzaya görə bütün ölkənin eyni vaxtda qaranlığa qərq olması, hökumətin bu böhranı 2 gün ərzində aradan qaldıra bilməməsi, ardınca Gəncə şəhərində İcra Hakimiyyəti başçısının vurulması ölkədə çox ciddi problemlərin yaşandığını, sabitliyin mövcud olmadığını, idarəetmə mexanizminin normal işləmədiyini bir daha nümayiş etdirdi.
Xüsusilə, son bir həftə ərzində Gəncə şəhərində vəziyyətin gərginləşməsi və iyulun 10-da şəhər İcra Hakimiyyətinin binası qarşısında kütləvi etiraz zamanı 2 nəfər yüksək rütbəli polis zabitinin bıçaqlanaraq öldürülməsi göstərdi ki, Azərbaycan, dəfələrləxəbərdar etdiyimiz kimi, olduqca təhlükəli mərhələyə gətirilib. İqtidarın yarıtmaz siyasəti nəticəsində ölkə vətəndaş qarşıdurmasının bir addımlığındadır.
Milli Şura siyasi mübarizədə hər cür zoru qətiyyətlə pisləyir, dinc mübarizəyə, onun uğurlarına inanır, zorakı hərəkətləri, o cümlədən dövlət məmurları və polisə qarşı zorakılığı rədd edir və hər bir vətəndaşımızı belə hərəkətlərdən çəkinməyə çağırır.
Milli Şura bununla yanaşı qeyd edir ki, həm ölkədəki enerji böhranı, həm də Gəncədə yaşanan gərginlik əslində İlham Əliyev hakimiyyətinin yarıtmaz siyasətinin doğurduğu nəticələrdir. Ölkədəki iri miqyaslı korrupsiya, hakimiyyətin bacarıqsızlığı, insan hüquq və azadlıqlarının tamamilə məhdudlaşdırılması, görünməmiş həddə ədalətsizlik, haqsızlıq, insanlara öz etirazını hər hansı legitim formada ifadə etməyə imkan verilməməsi, seçki institutunun, parlamentarizmin, müstəqil məhkəmə sisteminin sıradan çıxarılması, azad mətbuatın məhv edilməsi – bütün bu siyasət məhz indiki nəticələri doğurub.
Son hadisələr göstərdi ki, Azərbaycan cəmiyyətində böyük bir gərginlik, iqtidarın siyasətinə qarşı qəzəb var. Azərbaycan iqtidarı isə öz davranışı ilə nümayiş etdirdi ki, hər hansı böhranı idarə etmək qabiliyyətində deyil, siyasi qüvvə kimi tamamilətükənib, mövcudluğunu yalnız polisin gücünə qoruyub saxlayır, xalqın qarşısında fiziki güc olaraq dayanır”.