İctimaiyyət

Fəallar Əliyevə: “Dövlət vətəndaşları, jurnalistləri təqib etməli və cəzalandırmalı deyil, sosial narazılığın səbəblərini araşdırmalıdır”

Bir qrup vətəndaş cəmiyyəti fəalı tərəfindən təsis edilmiş “Ədalət naminə həmrəylik” komitəsinin üzvləri bu gün mətbuat konfransında prezident İlham Əliyevə müraciət edib. Müraciətdə ölkədə baş verən son hadisələrlə bağlı narahatlıq ifadə olunub. Bu haqda Turan İA məlumat yayıb.

Müəlliflər Mingəçevirdə “enerji böhranının” ardınca Gəncə hadisələrinin baş verməsi ilə bağlı narahatlıqlarını bildirirlər.

“İşıq böhranı” göstərib ki, Mingəçevirdə uzun illər enerji sisteminə sərmayə qoyulmayıb, stansiya köhnə texnika ilə çalışıb. Ümumiyyətlə isə, energetika sektoruna qoyulmuş 7-9 milyard dollar heç bir nəticə verməyib.  Blekaut zamanı son illər tikilmiş elektrik stansiyaları işləməyib və alternatif enerji mənbələri işə düşməyib. Müəlliflər hesab edirlər ki, enerji sisteminin iflic vəziyyətinə düşməsinə, əvvəllər də olduğu kimi, məmurların məsuliyyətsizliyi səbəb olub.

Mingəçevirdə “işıq böhranından” dərhal sonra Gəncə hadisələri narahatlıq doğurur. Əhalinin Gəncə şəhər icra başçısı Elmar Vəliyevin güllələnməsinə reaksiyası ölkə əyalətinin idarə olunmasında ciddi problemlər olduğunu göstərib.

Gəncə şəhər icra başçısına silahlı hücumun “enerji böhranı” zamanı – ölkədə qaranlığın hakim olduğu bir vaxtda baş verməsi daha çox narahatlıq doğurur.

Əhaliyə vaxtında məlumat verilməməsi, Səfərovun işgəncə əlamətləri olan fotosunun yayılması, deputatların və yüksək vəzifəli məmurların bəyanatları əsassız və narahatlıq doğuran şaiyələrə əsas verib. Dövlət cinayətkarları cəzalandırmalıdır, amma buna gətirib çıxaran səbəblər də arşdırılmalıdır.

Vəliyevin nalayiq davranışı haqqında çoxsaylınəşrlərə və narahatlıq doğuran siqnallara baxmayaraq, bu məmurun vəzifədə qalmasının səbəbləri araşdırılmalıdır.  Təkcə Gəncədə deyil, bir çox digər şəhərlərdə və rayonlarda icra hakimiyyəti başçıları insanlarla pis davranır, Vəliyevdən fərqlənmir. Buna son qoyulmalıdır, hakimiyyət xalqa güzəştə getməlidir.

Dövlət vətəndaşları, jurnalistləri, gənc fəalları təqib etməli və cəzalandırmalı deyil, sosial narazılığın səbəblərini araşdırmalıdır.

Daha çox göstər
Back to top button