Siyasət

İşgəncələr Əleyhinə Komitə Azərbaycanın həbsxanalar və psixiatrik klinikalarındakı vəziyyətini tənqid etdi

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illərdə altı səfərinin nəticələri əsasında Azərbaycan hökumətinin də cavabları daxil olmaqla hesabatını açıqlayıb. Bu haqda Turan İA yazır.

Komitənin Azərbaycanda vəziyyətlə bağlı ümumi təəssüratı ondan ibarətdir ki, işgəncə, polis və başqa hüquq-mühafizə orqanları və ordu tərəfindən pis rəftarın bütün formaları, bütün hüquq-mühafizə sistemində korrupsiya və cəzasızlıq halları sistematik, geniş yayılmış və müntəzəm şəkildə davam edir.

Bundan başqa, qanunvericilikdə islahatlara və köhnə həbsxanaların yenilənməsi və yeni həbsxanaların yaradılması səylərinə baxmayaraq, həbsxanaların həddindən artıq doluluğu, pis maddi şərait, qeyri-adekvat tibbi xidmət tədbirlərinin olmaması (xüsusən, ömürlük həbsə məhkum edilənlər üçün) və yetərsiz və əmək haqqı aşağı olan həbsxana heyəti problemi var. Bu problemlər korrupsiyaya qarşı mübarizəni və məhbuslar arasında zorakılığı artırır.

Açıqlanmış hesabatda həmçinin Azərbaycanda psixiatriya klinikalarında və sosial yardım evlərində ağır durum qeyd edilib. Burada yoxsul yaşayış şəraiti, həmçinin xəstələr arasında (xüsusilə Gəncə Psixiatriya Klinikası) zorakılıqlar və məcburi gətirilən xəstəxələr üçün effektiv hüquqi təminatların olmaması vurğulanıb.

“Azərbaycan hakimiyyətinin ölkədə işgəncənin kökünü kəsmək ve Komitənin tövsiyələrini tam həcmdə yerinə yetirmək üçün tədbirlər görməsinin vaxtı çatıb”, deyə Komitə prezidenti bildirib.

 

Daha çox göstər
Back to top button