Təhlil

Meydan TV: “Heydərovlar ailəsi Paşayevlər və Əliyevlərdən sonra Azərbaycanda ikinci yerdə durur”

Azərbaycanda tikinti materialları, beton, asfalt, kərpiç, gips, kimyəvi məhlullar, dəri, pambıq, tekstil, süd, şirə, ərzaq konservləri, siqaret, spirtli içkilər, piano, CD, DVD monopoliyasına baxan fövqəladə hallar naziri – Kəmaləddin Heydərov. Bu məhsulların istehsalını və ya satışını həyata keçirməklə yanaşı, o, bank, turizm, kənd təsərrüfatı, sığorta və tikinti sahələrində fəaliyyət göstərən 250-dən artıq şirkətə sahibdir. Bu şirkətlərin əksəriyyəti “Gilan Holdinq”-in çətiri altında birləşib. Bu barədə Meydan TV-nin “Kəmaləddin Heydərov kimdir?” adlı məqaləsində yazılır.

Məqaləyə görə, 1961-ci il təvəllüdlü, Azərbaycanda “otellər kralı” və “monopolist” kimi tanınan Kəmaləddin Heydərov 23 ildir nazir postundadır. 11 il Gömrük Komitəsinə rəhbərlik edən Heydərov gömrük orqanlarında yaradılan monopoliyanın banisi kimi tanınır. 2006-cı ildən o, fövqəladə hallar naziridir.

Kəmaləddin Heydərov incəsənətdə də kənarda qalmayıb. O, bəstəkardır və hətta keçmiş prezident Heydər Əliyevi mədh edən mahnı yazıb, mahnını azərbaycanlı müğənni Ağadadaş Ağayev ifa edib. Heydərovlar Koreya ilə əməkdaşlıqda da maraqlıdır. Nazirin həyat yoldaşı Ruhəngiz Heydərova Seul-Bakı Assosiasiyasının sədri və bahalı Koreya restoranı “Shilla”nın sahibidir, özü isə Azərbaycan Taekvando Federasiyasının prezidentidir.

Kəmaləddinin atası Fəttah Heydərov parlamentin üzvü və Azərbaycan Ağsaqqallar Şurasının sədridir. Oğulları Nicat və Taleh Heydərovların da adı atalarından az hallanmır. Dubayda 14 mülk və şəxsi təyyarələrin fonunda bizneslərini böyütməyə davam edirlər.

“Vikileaks” hələ 2010-cu ildə yayımladığı sənədlərdə bildirirdi ki, Heydərovlar ailəsi, meyvə şirələrinin istehsalından tutmuş daşınmaz əmlak bazarına qədər böyük biznes imperiyasına nəzarət edir. İqtisadi qüdrətinə görə bu ailə Paşayevlər və Əliyevlərdən sonra Azərbaycanda ikinci yerdə durur.

Heydərovların yaratdığı “Gilan Holding”-ə bu yaxınlarda İlham Əliyevin qızları da şərik olub. Kəmaləddin Heydərov Heydər Əliyevin zamanından hakim ailəyə ən yaxın məmurlardan biridir.

Meydan TV yazır ki, Fövqəlnazirin mətbuata məlum olan 14 oteli var.

Heydərovlar “Qəbələ Konserv Zavodu”nun, başqa dillə desək, “Jalə”nin loqosu altında ölkədəki meyvə şirəsi biznesini də monopoliyaya alıblar. Məlum olub ki, şirələrin qiymətini yüksək səviyyədə saxlayaraq Türkiyə, Rusiya və Ukraynadan ucuz şirə gətirmək istəyənlərin işinə Dövlət Gömrük Komitəsi vasitəsilə əngəllər yaradılır.

Azərbaycanda tekstil biznesi də Heydərovların adı ilə bağlıdır. Hətta Türkiyə istehsalı olan tekstil məhsullarının da ölkəyə gətirilməsi çətinləşdirilib.  Kəmaləddin Heydərov Azərbaycanda kürü istehsalı kimi gəlirli sahəyə nəzarət edən “Caspian Fish Company” şirkətinin sahibi və idarəçisidir.  Fövqəlnazir həm də mətbuatı nəzarətdə saxlayır. Heydərova məxsus nəhəng mətbuat orqanlarından ən birincisi “APA Holdinq”dir. “Publika.az”, “teleqraf.az”, “axar.az” kimi saytlar da onun vasitəsilə maliyyələşir.

Daha çox göstər
Back to top button