Azərbaycan çempionu yarışa qadın kimonosu ilə çıxıb
Cüdo üzrə ölkə birinciliyinin 55 kq çəki dərəcəsində keçirilmiş finalında maraqlı hadisə baş verib. Oxu.Az xəbər verir ki, “Neftçi” İdman Klubunun üzvü Balabəy Ağayev“Qəbələ” idmançısı Rövşən Əliyevlə matça qadın cüdoçu kimonosu ilə çıxıb.
Belə ki, o, tatamidə arxasına “K.Hüseynova” yazılmış forma ilə mübarizə aparıb. Ağayev bunun üçün həmin sözlərin üstünü örtən lent yapışdırıb. Lakin onun etdiyi fəndlərin birində lentin bir hissəsi açılıb. Buna görə hakim həmin lenti açaraq cibinə qoyub. Nəticədə Balabəy döyüşün qalan hissəsində qadın adı yazılmış formada mübarizə aparmalı olub. Sonda o, rəqibinə qalib gələrək ölkə çempionu olub.
“Bizdə paltardəyişmə otağında iyirmiyə yaxın forma olur. İdmançının niyə belə etdiyini bilmirəm. O, bu formanı niyə geyinib, deyə bilmərəm. Hazırda bu idmançı millimizin Çexiyada keçirilən Avropa Kuboku yarışında mübarizə apardığına görə ölkədə deyil. Bakıya qayıtdıqdan sonra bu məsələni özü ilə aydınlaşdıracağıq”, məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu deyib.