Təhlil

Mehman Əliyev: Azərbaycan mətbuatı ağır vəziyyətdədir və vəziyyət getdikcə daha da pisləşir

Azərbaycan mətbuatı ağır vəziyyətdədir və vəziyyət getdikcə daha da pisləşir. Bu fikri iyulun 22-də qeyd edilən Milli Mətbuat Günü ərəfəsində Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.

Onun fikrincə, son bir ildə mənfi təmayüllər daha da güclənib. Mətbuat getdikcə öz təsirini daha çox itirir, reklam bazarı isə iki dəfə azalıb. Bu fonda sosial şəbəkələrin fəallığı genişlənir və bu gün sosial medianın öz təsirinə görə ənənəvi mediadan üstün olduğunu qeyd etmək olar.

Həbs edilmiş jurnalistlərin azad edilməsi sahəsində vəziyyət necədir? Bu suala cavabda Əliyev deyib ki, vətəndaş cəmiyyəti bu vəzifənin həlli üçün səy göstərir: tədbirlər keçirir, bəyanatlar verir, çağırışlar edir. Amma Azərbaycan hökuməti inhisarın və media üzərində siyasi nəzarətin saxlanması siyasətini davam etdirir.

“Bu vəziyyətdə jurnalistlərin azad edilməsinə nail olmaq, yeni həbslərin qarşısını almaq çox çətindir. Hakimiyyət jurnalistlərin qatillərinin axtarışına, onların məhkəməyə verilməsinə maraq göstərmir”, deyə o qeyd edib.

Əliyev həmçinin hökumətin saytların enerji böhranını və Gəncə hadisələrini işıqlandırmasına reaksiyasını tənqid edib. “Bir sıra saytlar barəsində cinayət işləri açılır, redaktorlar istintaqa cəlb edilir, saytlar bloklanır. Media yalan məlumat yaymaqda, vəziyyəti gərginləşdirməkdə ittiham olunur.  Jurnalistlər nə varsa, onunla işləyirlər. Bu vəziyyətə görə jurnalistlər deyil, hökumət məsuliyyət daşıyır”, deyə Əliyev bildirib.

 

Daha çox göstər
Back to top button