Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Makronu Əliyev qarşısında insan hüquqları məsələsini qaldırmağa çağırıb
Azərbaycan prezidenti İlham Əliyevin Parisə səfəri ərəfəsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) prezident Fransua Makrona və ölkə parlamentinə müraciət edib. “Azərbaycan prezidenti İlham Əliyevin rəsmi səfəri ərəfəsində sizdən görüşlərinizdə Azərbaycanda söz azadlığı sahəsində problemləri qaldırmağınızı, habelə İlham Əliyevi bütün tənqidçilərini həbsdən azad etməyə çağırmağınızı xahiş edirik”, deyə müraciətdə bildirilir. Məlumatı Turan İA yayıb.
“Bu gün Azərbaycan həbsxanalarında 100-dən çox siyasi məhbus saxlanılır, Avropa İttifaqı, Avropa Parlamenti, həmçinin Avropa Şurası və ATƏT dəfələrlə Azərbaycan hakimiyyətini tənqidçilərini və opponentlərini azad etməyə çağırıb.
Azad edilməkləri üçün çoxsaylı çağırışlara baxmayaraq, korrupsiya ilə bağlı araşdırma aparan jurnalistlərdən beynəlxalq ictimaiyyətə daha çox tanış olan Əfqan Muxtarlı və Mehman Hüseynov hələ də həbsxanadadırlar. Hakimiyyət jurnalistlərin ölümü və KİV nümayəndələrinə qarşı digər cinayətləri effektiv araşdırmaqdan imtina edir”.
RATİ yazır ki, müxalif siyasətçi İlqar Məmmədov Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq hələ də həbsdı qalır. Avropa Şurası qarşısında insan haqları ilə bağlı öhdəlikləri yerinə yetirməkdən imtinaya görə ölkəyə qarşı prosedur başlayıb, bu da ölkənin Avropa Şurasından çıxarılması ilə nəticələnə bilər:
Müəlliflər Fransa prezidentindən və parlamentindən “Fransanın nüfuzlu beynəlxalq mövqeyindən istifadə etməyə və Azərbaycan rəhbərliyi ilə görüşlər zamanı onu bütün siyasi məhbusları və vicdan məhbuslarını həbsdən azad etməyə, Azərbaycanda insan hüquqları və demokratiya sahəsində pozuntulara göz yummaları məqsədilə Avropalı siyasətçilərin ələ alınması təcrübəsinə son qoymağa çağırmağı” xahiş edirlər.