İctimaiyyət

Əfqan Muxtarlının ifadəsi Gürcüstan prokurorluğuna təqdim edilib

Həbsdəki jurnalist Əfqan Muxtarlı Gürcüstanın əlaqəli hüquq-mühafizə qurumlarına təqdim edilməsi üçün yazılı ifadə verib. İfadənin Gürcüstan Prokurorluğuna təqdim edildiyi bildirilir. Bu haqda Turan-a jurnalistin gürcüstanlı vəkili Archil Chopikashvili məlumat verib.

Əfqan Muxtarlı işi ilə bağlı keçən il Gürcüstanda da cinayət araşdırmasına başlandığını qeyd edən vəkil ötən müddət ərzində araşdırmada hər hansı irəliləyişin olmadığını bildirib.

“Biz hər dəfə müraciət etdiyimizdə araşdırmanın yubanmasını Əfqan Muxtarlının ifadəsini ala bilməmələri ilə izah edirdilər. Prokurorluq müvafiq müraciətlərə Azərbaycan tərəfinin cavab vermədiyini bildirirdi. Ona görə də biz Ə.Muxtarlının özünün yazdığı ifadəni prokurorluğa təqdim etdik”, – vəkil bildirib.

Jurnalist ifadəsini ötən ay göndərib, o, notarial qaydada gürcü dilinə çevrilib və Gürcüstan Prokuroluğunun İstintaq İdarəsinə ünvanlanıb. İfadənin məzmununa gəlincə, vəkil deyib ki, Ə.Muxtarlı orda başına gələnləri detallarınadək qeyd edib, İstintaqı maraqlandıran mümkün bütün suallara aydınlıq gətirib. Vəkil ifadənin prokurorluğa təqdim edilməsi ilə jurnalistin işinin araşdırması ilə bağlı yeni gəlişmələrin ola biləcəyini ifadə edib.

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib. Rəsmi ittihamda isə bunun əksi iddia olunur.

 

Daha çox göstər
Back to top button